Pumse üzrə ölkə birinciliyi və çempionatı keçirilib - FOTO
02.09.2025 - 16:48
Pumse üzrə ölkə birinciliyi və çempionatı keçirilib - FOTO

Bu gün Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) pumse üzrə yeniyetmələr, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatı keçirilib.

Apasport.az xəbər verir ki, yarışda 22 klubdan ümumilikdə 130 idmançı üç yaş kateqoriyası (12–14 yaş, 15–17 yaş və 18–30 yaş) üzrə fərdi və üçlük proqramında mübarizə aparıb. 

Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

ATF-in vitse-prezidenti Hikmət Səmədov açılış nitqi ilə çıxış edərək, iştirakçıları və qonaqları salamlayıb.

O, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı işlərdən bəhs edərək, bu siyasətin Azərbaycanı dünyada idman ənənələri olan ölkə kimi tanıtdığını vurğulayıb:

“Azərbaycan Taekvondo Federasiyası tərəfindən döyüşlə yanaşı, taekvondonun əsas istiqamətlərindən biri olan pumsenin inkişafına da xüsusi önəm verilir. Bildiyiniz kimi, 2023-cü ildən etibarən pumse ölkəmizdə daha sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilməyə başlanmışdır. Bu yarışın keçirilməsində əsas məqsəd də məhz bu istiqamətin daha da populyarlaşdırılması və idmançılarımızın təcrübəsinin artırılmasıdır,” – deyə Hikmət Səmədov bildirib.

O əlavə edib ki, Azərbaycan təmsilçiləri bu il pumse üzrə beynəlxalq arenada da uğurlar əldə ediblər. Belə ki, bu il Serbiyada keçirilmiş ISF U15 Gimnaziada İdman Oyunlarında yeniyetmələrdən ibarət milli komandamız ümumilikdə 13 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. Bu medallardan 10 qızıl, 3 gümüş və 3 bürünc medal döyüş, 3 qızıl medal isə məhz pumse proqramı üzrə əldə olunub. Pumse üzrə fərdi və üçlük proqramlarında əldə edilən bu 3 qızıl medal Azərbaycan taekvondo tarixində ilk belə uğur kimi qiymətləndirilir.

Yarışın sonunda qalib və mükafatçılara diplom və medallar təqdim edilib.