Milli komandamızın üzvü öz-özünə təsəlli verir
07.07.2009 - 15:20
Milli komandamızın üzvü öz-özünə təsəlli verir
“Təbii ki, Boris Yeltsinin xatirə turnirində göstərdiyimiz nəticədən narazı qaldım. Bir qələbə qazanıb, qalan 3 matçda məğlubiyyətlə üzləşdik. Lakin xüsusi vurğulamaq lazımdır ki, biz hər oyunda mübarizə aparırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Yelena Parxomenko deyib.

Ötən həftə Rusiyanın Yekaterinburq şəhərində təşkil olunmuş yarışda milli komandamız 6 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Buna baxmayaraq, Parxomenko voleybolçularımızın mübarizə əzminə görə sevinir: “Kuba ilə oyunda 4-cü setdə qalib gələ bilərdik. Amma setin sonlarına doğru çoxlu səhvlər buraxdıq, nəticədə 1:3 hesabı ilə uduzduq.

Belaruslularla görüşdə də belə oldu. Nəticədən narazı qalsam da, fikrimcə, Yekaterinburq turniri bizim üçün heç də pis keçmədi. İndi nöqsanlar haqqında düşünmək, zəruri mövqeləri möhkəmləndirmək lazımdır”.
27 yaşlı voleybolçu dünya çempionatının üçüncü seçmə mərhələsində rəqibimiz olan Hollandiya ilə oyuna da diqqət yönəldib: “Yekaterinburq turnirinin ilk günündə hollandlarla qarşılaşdıq və 2:3 hesabı ilə məğlub olduq. Hesaba əsasən demək olar ki, biz onlarla bərabər səviyyədə oynamışıq və qələbə şansımız olub. Halbuki, əvvəllər Hollandiyaya “quru” hesablarla uduzurduq. Onlardan heç kim bizim belə müqavimət göstərəcəyimizi gözləmirdi”.

Dünya çempionatının üçüncü seçmə mərhələsində milli komandamız Hollandiyadan başqa, Almaniya və Sloveniya ilə də görüşəcək.

Mənbə: extratime.az
0