Azərbaycan - Ermənistan oyununda biabırçılıq
14.07.2009 - 16:58
Azərbaycan - Ermənistan oyununda biabırçılıq
Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycan yığması biabırçılıqla üzləşib. Apasport.az saytının məlumatına görə, milli komandamız yarışın gedişində Ermənistana 64:71 hesabı ilə məğlub olub. Yekunda yığmamız 5 kollektiv arasında 4-cü pillədə qərarlaşıb. Amma həmvətənlərimizin turnirdə üzləşdikləri ən böyük biabırçılıq heç də ermənilərə məğlubiyyət sayılmır. Bədnam qonşularımızla oyun zamanı baş verənlər daha çox utancvericidir.

Belə ki, oyunun ilk hissəsi basketbolçularımızın 3:21 (!) hesablı məğlubiyyəti ilə nəticələnib. Demə, ermənilərlə qarşılaşmada komanda üzvlərinə göstərişləri baş məşqçi Tahir Urazayev yox, Gənclər və İdman Nazirliyinin əməkdaşı qismində Batumiyə ezam olunmuş Elxan Ağayev (Azərbaycanın İdman Rəqsləri Federasiyasının sabiq prezidenti, həmçinin Azərbaycan Atletika Federasiyasının sabiq əməkdaşı) verirmiş. Bu fikir-ayrılığı isə yığmada az qala dava-dalaşa səbəb olacaqmış.

Tahir Urazayev ermənilərlə matçı belə xatırlayır: “Oyuna Elxan Ağayev rəhbərlik edirdi, amma bilmirəm nəyə görə? Komandanın baş məşqçisi mən sayılıram. O, Gənclər və İdman Nazirliyinin nümayəndəsi idi və buna görə rəhbər sayılırdı. Elxan Ağayev basketbolçularımıza fərdi müdafiə oynamağı tapşırmışdı. Ermənistan yığmasının heyətində ucaboy oyunçular var idi. Onlara qarşı müdafiədə fərdi çıxış etmək çətin idi. Mən məhz bu taktikaya etiraz etdim və bildirdim ki, belə oyunda eksperiment etmək olmaz”.

Birinci hissədən sonra Urazayevin inadı sayəsində milli komandamız taktikanı dəyişib. Xətti müdafiəyə keçən basketbolçularımız 4-cü hissədə hesabı bərabərləşdiriblər. Lakin matçın axırıncı dəqiqələrində hesabı öz xeyirlərinə dəyişmək üçün həmvətənlərimizə güc çatmayıb. Nəticədə yığmamız 7 xal fərqi ilə uduzub. Beləliklə, iki şəxsin rəhbər davası ermənilərə məğlubiyyəti şərtləndirib...

Mənbə: extratime.az
0