Azərbaycan yığması Almaniyaya uduzdu
18.07.2009 - 00:25
Azərbaycan yığması Almaniyaya uduzdu
Qadın voleybolçulardan ibarət milli komandalar arasında dünya çempionatının Avropa zonasında üçüncü, eyni zamanda sonuncu təsnifat mərhələsinin oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması Hollandiyanın Alemere şəhərində mübarizə aparır. K qrupunda çıxış edən yığmamızın rəqibləri meydan sahibləri ilə yanaşı, Almaniya və Sloveniyanı milli komandalarıdır.

Voleybolçularımız ilk oyunda Almaniya ilə üz-üzə gəlib və rəqib ilk setdə meydanı üstün durumda tərk edib - 25:18. Komandamız ikinci setdə də uğursuzluğa düçar olub. Faiq Qarayevin yetirmələri bu dəfə 25:21 hesabı ilə uduzublar.

Üçüncü set komandamızın xeyrinə başa çatıb. Voleybolçularımız 25:20 hesablı qələbə qazanıblar. Dördüncü setdə də qələbəni (26:24) bayram edən komandamız ümumi hesabı bərabərləşdiriblər – 2:2.

Tay-brek isə yığmamız üçün düşərli olmayıb. Seti 15:13 hesablı üstünlüklə başa vuran Almaniya ilk qələbəsini rəsmiləşdirib – 3:2

Qrupumuzda baş tutan digər oyunda Hollandiya Sloveniyadan güclü olub – 3:1.

Reqlamentə əsasən, qrupda birinci və ikinci yeri tutacaq komandalar dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. Dünya çempionatı gələn il 29 oktyabr - 14 noyabr aralığında Yaponiyada gerçəkləşəcək. Bu mötəbər yarışda 24 yığma oynayacaq. Yaponiya ev sahibi, Rusiya isə son dünya çempionatının qalibi qismində turnirdə birbaşa iştirak hüququna malikdir.

Voleybolçularımız bu gün Hollandiya, sabah isə Sloveniya ilə üz-üzə gələcəklər.
0