Azərbaycan yığması sabah İtaliya ilə qarşılaşacaq
28.09.2009 - 10:23
Azərbaycan yığması sabah İtaliya ilə qarşılaşacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının final mərhələsində 12 ən güclü komanda sırasına düşüb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin çalışdırdığı milli komanda Polşada keçirilən həlledici mərhələdə qrupda keçirdiyi son oyunda Çexiyaya 2:3 hesabı ilə uduzsa (25:21, 25:18, 23:25, 20:25, 13:15) da, növbəti mərhələyə yüksəlməyə müvəffəq olub.

Qrupumuzda (D) keçirilən digər oyunda Serbiyanın Slovakiyanı 3:0 hesabı udması işimizə yarayıb. Belə ki, bütün görüşlərində qələbə qazanan qrup qalibi Serbiya istisna olmaqla, digər üç komanda eyni xal və eyni set fərqinə malik olub. Ancaq top fərqində yığmamız daha yaxşı göstəriciyə malik olduğundan, növbəti mərhələyə çıxan üç komanda arasında yer alıb. Serbiya və Azərbaycanla yanaşı, növbəti mərhələyə Çexiya da çıxdığından, komandamız orada mübarizəni iki məğlubiyyətlə başlayacaq. Bu mərhələdə D və B qrupunun komandaları bir-biri ilə mübarizə aparacaq və onlar F qrupunu təşkil edəcək.

Qeyd edək ki, yığmamız ikinci mərhələdə ilk görüşünü sabah Bakı vaxtı ilə saat 18:00-da yüz faizli nəticə göstərən İtaliya ilə keçirəcək. Digər qrupdan növbəti mərhələyə İtaliya ilə yanaşı, Almaniya və Türkiyə yığmaları yüksəlib.
0