Milli komandamız Avropa çempionatına qatılmaqdan imtina etdi
22.10.2009 - 23:00
Milli komandamız Avropa çempionatına qatılmaqdan imtina etdi
Oktyabrın 24-də Lüksemburqda gənclər və böyüklər arasında növbəti Avropa çempionatlarının seçmə mərhələsinin püşkü atılacaq. Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat katibi Zöhrab Gözəlbəylinin apasport.az saytına verdiyi məlumata görə, püşkatma mərasimində ölkəmiz də təmsil olunacaq. Belə ki, tədbirdə AVF-in meneceri Mixail Prişman iştirak edəcək.

2010-cu ildə Serbiyada baş tutacaq gənc qızların qitə çempionatının püşkatması öncəsi yığmamız reytinq cədvəlində 28-ci yeri tutur. Xanımlarımız finala adlamaq üçün iki təsnifat mərhələsini adlamalıdırlar. Həmin il Belarusda keçiriləcək oğlanların Avropa birinciliyi isə bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki komandamız bu yarışın seçmə mərhələsinə qoşulmayacaq.

Böyüklərin turnirlərinə gəlincə, qadınlar 2011-ci ildə Avropa çempionunu müəyyənləşdirmək məqsədilə İtaliya və Serbiyaya toplaşacaqlar. Ümumi sıralamada 12-ci pillədə qərarlaşan Faiq Qarayevin yetirmələri birbaşa ikinci təsnifat mərhələsində çıxış edəcəklər. Kişi yığmamız reytinqi aşağı olduğundan (32-ci sıra), öncə birinci təsnifat mərhələsində oynamaq məcburiyyətindədir. Bu komandalar arasında final mərhələsi Çexiya və Avstriyada təşkil olunacaq.
0