Faiq Qarayev getdi, türk mütəxəssis gəldi
28.10.2009 - 10:51
Faiq Qarayev getdi, türk mütəxəssis gəldi
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubuna yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, bu vəzifədə Aleksandr Çervyakovun əvəzinə türkiyəli Adnan Kistak gətirilib. Onunla bir illik müqavilə bağlanılıb.

Son 25 ildə məşqçi fəaliyyəti göstərən 58 yaşlı Kistak müxtəlif dövrlərdə Türkiyənin yeniyetmələrdən, gənclərdən və böyüklərdən ibarət yığmalarını çalışdırıb. Əsas milli komandaya 4 il (1993-97-ci illər) rəhbərlik edib. Onun yetirmələri Balkan ölkələri yığmalarının “Spring Cup” turnirində 2-ci, Avropa çempionatının final mərhələsində isə 8-ci yeri tutublar.

Bundan başqa, Kistak bir sıra klublarda da çalışıb və ötən mövsüm “Fənərbaxça”ya Türkiyə Superliqasında qızıl medallar qazandırıb. Məhz onun çempion etdiyi komandada azərbaycanlı voleybolçular Oksana Parxomenko və Valeriya Korotenko da oynayırdı.

Qeyd edək ki, “Azərreyl”in baş məşqçisi postunda uzun müddət Faiq Qarayev işləyib. O, 2002-ci ildə paytaxt klubuna “Top komanda” kubokunu qazandırıb.

Mənbə: extratime.az
0