“Azərreyl” səfərdə qələbə qazandı
04.12.2009 - 11:01
 “Azərreyl” səfərdə qələbə qazandı
Bakının “Azərreyl” klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışına qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, qadın voleybolçularımız turnirin 1/16 finalında Avstriyada yerli “SVS Post Şveşat”ı məğlub edib.

136 dəqiqə davam edən gərgin mübarizə zamanı “Azərreyl” 3:2 hesablı (21:25, 27:25, 25:22, 21:25, 18:16) qələbə qazanıb. Bu, “dəmiryolçular”ın türkiyəli baş məşqçisi Adnan Kistakın yeni vəzifədə ilk rəsmi matçı kimi yadda qalıb. “Azərreyl”in heyətində, həmçinin görüşdə ən məhsuldar oyunçu Polina Rəhimova (28 xal) olub. Komandalar arasında cavab qarşılaşması dekabrın 8-də saat 18:00-da Bakıda keçiriləcək.

Qeyd edək ki, dekabrın ilk 2 günündə “Azərreyl”dən başqa daha 4 klubumuz avrokuboklarda birinci oyunlarına çıxıblar. “Çağırış” kubokunun ikinci mərhələsində kişilərdən ibarət “Azərneft” “Foinikas”a (Yunanıstan) 2:3 hesabı ilə məğlub olub. Qadınların analoji yarışında “İqtisadçı” Türkiyə “Qalatasaray”ına (0:3), “Lokomotiv” isə İsrail RAANANA-sına (2:3) uduzub. CEV kubokunda “Rabitə” “İmpel Qvardiya”nı (Polşa) 3:1 hesabı ilə üstələyib. Bütün komandalarımız ilk matçı səfərdə keçiriblər.
0