“Azərbaycanlı qızlar bunu 400 çılğın azarkeşin qarşısında etdilər”
11.01.2010 - 12:54
“Azərbaycanlı qızlar bunu 400 çılğın azarkeşin qarşısında etdilər”
“Azərbaycan komandası turnirin favoriti idi. Lakin danimarkalı qızlar öz şanslarından istifadə etmək üçün döyüşməyə hazır olduqlarını göstərdilər”. Apasport.az-ın məlumatına görə, bu sözlər Avropa Voleybol Konfederasiyasının rəsmi saytında yazılıb.

Azərbaycan və Danimarkanın yeniyetmə qızlardan ibarət yığmaları arasında Avropa çempionatının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən qarşılaşmaya həsr edilmiş məqalədə oyunun gedişindən bəhs olunub. Milli komandamız Danimarkanın Holte şəhərində baş tutan həmin matçda qələbə sayəsində mərhələ adlayıb: “Danimarkalılar birinci setdə güclü bloklar və sürətli hücumlarla üstünlüyə yiyələndilər. Hesab 24:23 olanda, meydan sahibləri set xalını gözləyirdilər. Ancaq möhkəm əsəb sisteminə malik rəqib voleybolçular seti öz xeyirlərinə çevirdilər. Özü də azərbaycanlı qızlar bunu 400 çılğın və həyəcanlanmış azarkeşin qarşısında etdilər”.

Yazıda daha sonra vurğulanıb ki, ikinci setdə yığmamız Ayşən Abdüləzimovanın məntiqi sonluqla tamamladığı hücumlar nəticəsində qalib gəlib. Üçüncü setin əvvəlində isə yenə maraqlı olaylar yaşanıb: “Üçüncü setin ikinci texniki fasiləsinə qədər bərabər səviyyəli mübarizə gedirdi. Lakin Danimarka komandasının baş məşqçisi Sven-Erik Lauridsen əvəzləmələrə və taym-autlara baxmayaraq, rəqibi üstələməyin yolunu tapa bilmədi”.

Xatırladaq ki, yığmamız həm Danimarka, həm də Norveçi 3:0 hesabı ilə məğlub edərək, Avropa çempionatının ikinci təsnifat mərhələsinə yüksəlib. İkinci təsnifat mərhələsinin A qrupunda yer alan voleybolçularımızın rəqibləri Belarus, Fransa, Rumıniya, Sloveniya və Ukraynadır. Oyunlar apreldə Fransada keçiriləcək.
0