Şok: Azərbaycan milli komandası ləğv olundu
03.02.2010 - 16:38
Şok: Azərbaycan milli komandası ləğv olundu
Həndbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası dağılıb. Bu haqda Lent.az-a yığmamızın baş məşqçisi Hikmət Abdullayev məlumat verib. Onun sözlərinə görə, səbəb yığmanı saxlamaq üçün maddi imkanın olmamasıdır. Abdullayev bildirib ki, millinin əsasını təşkil edən “Dinamo” klubu da eyni səbəbdən aparıcı həndbolçuları ilə vidalaşıb.

Legionerlərə gəldikdə, Oleq Georgiyevski Rusiya Superliqasına yenicə vəsiqə qazanan “Perm ayıları” ilə müqavilə bağlayıb. Onun qardaşı Sergey Georgiyevski isə Türkiyənin “Özəl idarə” klubuna keçib. “Beşiktaş”da çıxış edən 35 yaşlı Valeri Parşkov yığma karyerasını başa vurub. Elmar Həsənzadə ailəsi ilə birgə Almaniyaya köçüb. Rəşad Hüseynov və Eldar Fərəcov məşqçi kimi fəaliyyətə başlayıb. Qalan həndbolçular isə idmandan kənar sahələrdə işə düzəliblər: “Onlardan bəziləri ekspeditor, digərləri internet firmalarında çalışırlar. Hazırda elə yaş dövründədirlər ki, ailələrini dolandırmalıdırlar. Amma bunun üçün kifayət qədər maaş verə bilmirik”.

Abdullayev yığmamızın əsas heyətinin buraxılmasını bu il heç bir yarışa qatılmayacaqları ilə də əlaqələndirib: “İslam Oyunlarında iştirak etmək istəyirdik. Lakin İranın paytaxtı nəzərdə tutulan bu yarış ləğv olunub. Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində isə 2005-ci ildən oynamırıq”.

Baş məşqçi çıxış yolu kimi gənclərdən ibarət yeni komanda formalaşdırmaq qərarına gəldiklərini söyləyib. O, bildirib ki, bu komanda 2011-ci ildə keçiriləcək “Çelenc” kuboku uğrunda mübarizəyə qatılacaq. Beynəlxalq qaydalara əsasən, həmin turnirdə 21 yaşdan yuxarı həndbolçular çıxış edə bilməzlər. Abdullayevin sözlərinə görə, yığmanın gənclərdən qurulmasının bir səbəbi də budur.

Qeyd edək ki, Azərbaycan Həndbol Federasiyasının prezidenti keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevdir.
0