Komandamız türklərin daşını-daş üstə qoymadı - YENİLƏNİB
18.02.2010 - 18:26
Komandamız türklərin daşını-daş üstə qoymadı - YENİLƏNİB
Bakının qadınlardan ibarət “Rabitə” klubu bu gün Avropa Voleybol Konfederasiyası (CEV) kuboku uğrunda yarışın 1/4 finalında ilk görüşə çıxıb. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz Türkiyənin “Əczaçıbaşı” komandası ilə qüvvələrini sınayıblar.

Bu görüş həm də bir növ revanş xarakteri daşıyıb. Axı, türklər ötən ay sözügedən yarışın 1/8 finalında Bakının digər klubu “Azərreyl”i mübarizədən kənarlaşdırıblar (3:2; 3:0).

CEV kuboku, 1/4 final, ilk görüş
“Rabitə” - “Əczaçıbaşı” (Türkiyə) - 3:0
(25:20; 27:25; 25:16)
Oyunun əvvəlindən üstünlüyə yiyələnən komandamız ilk setdə asanlıqla qələbə qazandı. İkinci setdə isə voleybolçularımız çətinliklə üzləşdilər. “Əczaçıbaşı” təziyiqi artıraraq, hesabı bərabərləşdirdi və setin sonlarında mübarizə gərginləşdi. Buna baxmayaraq, “Rabitə” ikinci seti də öz xeyrinə başa vurdu. Üstəlik, növbəti setdə də rəqibə məğlubiyyət acısı daddıran paytaxt klubu cavab oyunu öncəsi böyük üstünlük qazandı. Fevralın 24-də İstanbulda keçiriləcək qarşılaşmada “Əczaçıbaşı”ya bir setdə qalib gəlmək kifayətdir ki, “Dördlər finalı”na vəsiqə təmsilçimizə verilsin.
0