Azərbaycan klubu Rusiya çempionatında oynaya bilər
17.03.2010 - 13:04
Azərbaycan klubu Rusiya çempionatında oynaya bilər
Rusiyanın təcrübəli voleybol mütəxəssisi, qadınlardan ibarət “Uraloçka-NTMK” klubunun baş məşqçisi Nikolay Karpol maraqlı ideya ilə çıxış edib. Lent.az-ın məlumatına görə, Karpol “Sport-Ekspress”ə müsahibəsində Rusiya Superliqasına gələcəkdə Azərbaycanın voleybol klublarından birini dəvət etməyin vacibliyini bildirib.

Onun fikrincə, Bakı və Belarusun paytaxtı Minski təmsil edən komandalar Rusiya çempionatını zənginləşdirə bilər: “Məsələn, Kontinental Hokkey Liqasında Latviyanın Riqa “Dinamo”su da mübarizə aparır. Sankt-Peterburq OİK-ini “pley-off” mərhələsindən kənarlaşdıran “Dinamo” istək və zəngin ənənələr sayəsində keçmiş SSRİ respublikalarında rəqabətə davamlı klublar yaratmaq olduğunu göstərdi. Sizcə, harada güclü klub yaratmaq mümkündür: Rusiyanın Lipetsk şəhərində, yoxsa Bakıda? Özü də bir mövsümlük yox, uzun müddətli”.

Karpol Rusiya çempionatını qonşu ölkə komandalarının köməyilə gücləndirməkdə qəbahətli bir şey görmədiyini əlavə edib. 72 yaşlı mütəxəssis bunu sağlam ideya adlandırıb: “Onların iştirak şərtləri gələcək müzakirələrin mövzusudur. Amma məncə, bu, sağlam ideyadır. Öz oyunçularımızı hazırlamaq üçün əcnəbi limitini artırmaq yox, turnirin səviyyəsini yüksəltmək lazımdır. Əks halda, yığma komandamız əziyyət çəkəcək”.

Qeyd edək ki, bu ildən keçirilməyə başlayan qadınlar arasında Azərbaycan Superliqasında 4 klub – “Rabitə”, “Lokomotiv”, “Azərreyl” və “İqtisadçı” mübarizə aparır.
0