Həmyerlimiz Rusiyada ən yaxşı basketbolçu seçildi
07.04.2010 - 10:00
Həmyerlimiz Rusiyada ən yaxşı basketbolçu seçildi
Rusiyanın Yekaterinburq şəhərində “KES-Basket” məktəb basketbol liqasının final oyunları keçirilib. Azərbaycan Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda yalnız ölkəmizin yeniyetmələrdən ibarət yığması qonaq kimi iştirak edib.

Liqa çərçivəsində keçirilən oyunlarda basketbolçularımız 5 qələbə qazanıblar. Onlar Sankt-Peterburq şəhərinin komandasına 64:28, Mari El Respublikasının komandasına 44:39, Voronej vilayətinin komandasına 59:30, Leninqrad vilayətinin komandasına 87:57 və Mordoviya Respublikasının komandasına 69:29 hesabı ilə qalib gəliblər.

Yarışın son günü iştirak edən komandaların ən yaxşı basketbolçularından təşkil edilmiş Rusiyanın məktəb yığması ilə yoldaşlıq matçı da təşkil edilib. Sergey Belov, İvan Yedeşko və Svetlana Antipova kimi basketbol ulduzları, ölkəmizin Yekaterinburq şəhərində baş konsulu Soltan Qasımov, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Şahin Şıxlinskinin canlı izlədikləri oyun Rusiya basketbolçularının qələbəsi ilə başa çatıb – 68:48.

Yığmamızın üzvü Renat Urazayev isə turnirin ən yaxşı oyunçusu seçilib. Nəticədə qalib komandalar və millimizin basketbolçusu mayın 5-7-də Parisdə keçiriləcək Avroliqanın “Dördlər finalı”na getmək hüququ qazanıblar.
0