“Azərreyl” “Lokomotiv”i relsdən çıxardı
17.04.2010 - 09:39
“Azərreyl” “Lokomotiv”i relsdən çıxardı
Voleybol üzrə qadınlar arasında Super Liqada “Azərreyl” və “Lokomotiv” komandaları arasında keçirilən oyunla yarımfinal mərhələsinin ilk matçlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu klublar arasında keçirilən görüşdə “Azərreyl” çətinliklə də olsa qələbə qazanıb.

Belə ki, 2:0 hesabı ilə irəlidə olan Adnan Kistakın yetirmələri növbəti setlərdə zəif təsir bağışlayıb. Bundan məharətlə istifadə edən “Lokomotiv” isə hesabı bərabərləşdirib. Lakin “Azərreyl” ruhdan düşməyib və həlledici setdə rəqibini məğlub edib.

Bu gün yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək. İlk matçda “İqtisadçı” və “Rabitə” üz-üzə gələcək. Bu komandalar arasında birinci oyun 3:2 hesabı ilə ikincilərin xeyrinə başa çatıb.

Sabah isə “Azərreyl” və “Lokomotiv” komandaları arasında ikinci görüş baş tutacaq.

Qeyd edək ki, 2 qələbə qazanan klub finala vəsiqə qazanacaq. Komandalar hərəyə 1 dəfə rəqibini məğlub edərlərsə, üçüncü görüş keçiriləcək.
0