“Həmin mövsüm yaddaşımdan heç vaxt silinməyəcək”
17.04.2010 - 10:03
“Həmin mövsüm yaddaşımdan heç vaxt silinməyəcək”
Azərbaycan yığmasının və “Azərreyl” klubunun voleybolçusu Valeriya Korotenkonun apasport.az saytına müsahibəsi

- Super Liqada yarımfinal mərhələsinin ilk oyunları arxada qalıb. “Azərreyl” finala yüksələ biləcəkmi?
- Bu mövsüm Super Liqada çox gərgin mübarizə gedir. Sevindirici haldır ki, başqa ölkələrdə olduğu kimi, artıq Azərbaycanda da hər komandanın öz azarkeş ordusu yaranır. Komandamızın finala çıxmasına gəlincə, bu növbəti oyunlardakı nəticələrdən asılı olacaq. Çünki yarımfinalda rəqibimiz kifayət qədər güclüdür. Onlar ilk matçda hətta qələbə də qazana bilərdilər. Lakin hesab 2:2 olduqdan sonra inamlı oynayıb ilk görüşdə onları məğlub etməyi bacardıq.

- Necə düşünürsünüz, “Azərreyl” finala çıxarsa, “Rabitə”yə qalib gələ biləcəkmi?
- “Rabitə”nin heyəti çox güclüdür. Lakin finala yüksələriksə, onlarla mübarizədən çəkinmirik. Rəqiblə bərabər bizim də komandada güclü voleybolçular yer alıblar və çempionluq şansımız eynidir. Şamil Şamxalovun xatirəsinə həsr olunmuş oyunda “Rabitə”yə məğlub olsaq da, çempionatın gedişində onlara qalib də gəlmişik.

- Türkiyə Super Liqasında işləriniz yaxşı gedirdi. Legioner həyatınızın az olmasını nə ilə əlaqələndirərdiniz?
- Həqiqətən də Türkiyədə gözəl mövsüm keçirdik. Həmin mövsüm yaddaşımdan heç vaxt silinməyəcək. Lakin müqaviləm başa çatdığından və ideal komanda yarandığından yenidən Azərbaycana qayıtmağı üstün tutdum. Vətənə qayıtdığım üçün heç də peşman deyiləm.

- Bəs şəxsi həyatınızda hansı yeniliklər var?
- Hər şey yaxşıdır. Ümid edirəm ki, gələcəkdə də uğur məndən üz döndərməyəcək.

- Toyunuz olmalı idi. Vaxt dəqiqləşib?
- Düzdür toyum olacaq. Amma hələ vaxtı ilə bağlı bir söz deyə bilmərəm. Qoy, bu sirr qalsın.
0