Milli komandamızın baş məşqçisi: Nə baş verdiyini anlaya bilmədim
21.04.2010 - 09:44
Milli komandamızın baş məşqçisi: Nə baş verdiyini anlaya bilmədim
“Fransaya yola düşəndə hər şey əla idi. “Azərreyl”lə 2 yoldaşlıq oyunu da keçirdik. Bir dəfə uduzduğumuz komandanı ikinci dəfə məğlub etdik. Komandada gözəl əhval ruhiyyə hökm sürürdü. Amma orada mən nə baş verdiyini başa düşə bilmədim.” Bu sözləri apasport.az saytına açıqlamasında voleybol üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Feliks Məmmədov deyib.

Avropa çempionatının I mərhələsində uğurlu çıxışı ilə yadda qalan yığmamızın növbəti mərhələdə həddən artıq zəif oynamasını baş məşqçi hələ də qəbul edə bilmir. Elit mərhələdə bütün oyunlarda məğlub olan Feliks Məmmədov yetirmələrinin yalnız setin sonlarında “boşaldığını” bildirib: “Birinci oyunda Sloveniya voleybolçuları ilə qarşılaşdıq. Pis oynamadıq. Lakin hissələrin sonunda səhvlərimiz rəqibin sevinməsi ilə nəticələndi. İkinci oyunda da həmin ssenari təkrarlandı. Növbəti matçda Rumıniyanı birinci setdə məğlub etdik. Sonra onlar 2:1 hesabı ilə irəli keçsələr də, yenidən oyunda tarazlıq yaratdıq – 2:2. Həlledici hissədə 5:1 hesabı ilə irəlidə idik. Lakin sonda yenə də qələbə qazana bilmədik. Beləcə, keçirdiyimiz 5 matçın hamısında uduzduq. Mən məğlubiyyətlərimizə əsas səbəb kimi yetirmələrimin gənc və təcrübəsiz olmasını göstərərdim. Bizim komanda digər yığmalarla müqayisədə gənc idi. Bütün bunlara baxmayaraq, milliyə haqq qazandırmıram. Səhvlərimiz üzərində işləyib güclü kollektiv yaradacağıq və burada topladığımız təcrübə bizə gələcəkdə kömək olacaq”.
0