Nisə Quliyeva Türkiyə yığmasına çağırılmamağının səbəbini açıqladı
21.04.2010 - 12:38
Nisə Quliyeva Türkiyə yığmasına çağırılmamağının səbəbini açıqladı
Dünən qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci finalçı müəyyənləşdi. “Azərreyl” “Lokomotiv”ə uduzaraq, qızıl medallardan əlini üzdü. Həmin oyundan sonra “Azərreyl” klubunun voleybolçusu Nisə Quliyeva apasport.az saytına verdiyi müsahibədə komandasının məğlubiyyətindən, Türkiyədən Vətənə nə üçün qayıtmasından və digər məsələlərdən danışıb

- “Azərreyl” ilk oyunda “Lokomotiv”ə qalib gəlsə də, sonda 2:1 hesabı ilə uduzdu. Bunu nə ilə izah edərdiniz?
- Birinci görüşdə qələbə qazandıq. Lakin bunun davamını gətirə bilmədik. Hətta ikinci oyunda hesab bərabərləşdikdən sonra yenə də qalib gələcəyimizi düşünürdük. Təəssüf ki, üçüncü matçın ilk iki hissəsini çox pis oynadıq. Həmin dəqiqələrdə “Azərreyl”ə yaraşmayan oyun nümayiş etdirdik. Yalnız 0:2 hesabından sonra özümüzə gəldik. Hesabı 2:2 etsək də, həlledici hissədə qələbə qazana bilmədik. 6:3 hesabı ilə irəlidə olduğumuz hissəni məğlub olduq və finala yüksələ bilmədik.

- Türkiyə Super Liqasının qalibi kimi, uzun fasilədən sonra Azərbaycana qayıtdınız. Buna görə təəssüflənmirsiniz ki?
- Xeyr. Bakıya gələndə də çempion olacağımıza inanırdım. Çünki komandamız güclü idi və hamı yalnız final barədə fikirləşirdi. Çempionatın gedişində “Rabitə”ni məğlub etməklə, güclü olduğumuzu sübut etmişdik. Lakin sonda “Lokomotiv” səddini keçə bilmədik.

- Bəs Türkiyədən qayıtmağınıza səbəb nə idi?
- 15 ilə yaxın Türkiyədə oynamışam. Bir neçə komandanın heyətində çıxış edərək, Super Liqada müxtəlif medallara layiq görülmüşəm. Vətənə qayıtmağımda isə Faiq Qarayevin rolu olub. O, mənimlə söhbətində Azərbaycanda voleybolun yüksəldiyini bildirdi. Bu mövsümdən isə güclü komandaların formalaşdığını və çempionatında gərgin mübarizənin gedəcəyini söylədi.

- Razılıq vermək çətin olmadı ki?
- Həqiqətən də, çox fikirləşdim və sonda “Azərreyl”ə kömək edə biləcəyimi bildirdim.

- Faiq Qarayev “Azərreyl”in baş məşqçisi olduğu dövrdə sizi komandanın heyətində görmək istəmişdi. Amma təklifdən imtina etmişdiniz...
- Düzdür, “Azərreyl” Avropada güclü rəqibə çevrildiyi vaxt Faiq müəllim məni komandaya çağırmışdı. Həmin vaxt Türkiyənin bir neçə klubundan təklif almışdım. Bunun üçün təklifləri dəyərləndirdim və daha sərfəli olanı seçdim.

- 15 ilə yaxın Türkiyədə oynamısınız. Azərbaycan və Türkiyə çempionatı müqayisəyə gəlirmi?
- Türkiyədə voleybol çox güclü inkişaf edib. Demək olar ki, futbolda olduğu kimi, orada da klubların öz azarkeş ordusu var. Voleybola marağın güclü olması səbəbindən bir neçə komanda arasında ciddi rəqabət gedir. Azərbaycanda isə bu mövsümdən çempionat qızışıb. Klublar heyətlərinə legionerlər cəlb ediblər. İnanıram ki, burada da Super Liqa gərgin oyunları ilə yadda qalacaq.

- Türkiyə klubları ilə yanaşı, bu ölkənin yığması ilə müəyyən uğurlar qazanmısınız. Lakin son oyunlara dəvət almadınız. Bu nə ilə bağlıdır?
- Türkiyə yığmasında da 15 ilə yaxın forma geyinmişəm. Lakin son oyunlara dəvət almamağım oyunumla deyil, yaşımla bağlıdır. Bütün dünyada olduğu kimi, Türkiyə komandasında da gəncləşmə siyasəti aparılır. Artıq biz yerimizi gənclərə vermişik.
0