“Rabitə” çempion! - YENİLƏNİB
29.04.2010 - 18:55
“Rabitə” çempion! - YENİLƏNİB
Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasının final mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, sayca üçüncü olacaq qarşılaşmalarla Azərbaycan çempionatına yekun vurula bilər.

Belə ki, üçüncü yer uğrunda “Azerreyl” və “İqtisadçı” komandalarının görüşündə “dəmiryolçular”ı yalnız qələbə qane edir. Rəqibə 2 dəfə uduzan “Azərreyl” bu dəfə də məğlub olarsa, bürünc medallardan əlini üzəcək.

“İqtisadçı” kimi “Rabitə”yə də bir qələbə kifayət edəcək. “Lokomotiv”ə 2 dəfə qalib gələn “rabitəçilər” bu gün də əvvəlki kimi oynasalar, çempionluğu bayram edəcəklər.

Xatırladaq ki, final mərhələsində 3 qələbə qazanan komanda qalib adını qazanacaq.

“Azərreyl” – “İqtisadçı” - 2:3 (25:12; 25:12; 12:25; 21:25; 9:15)
I set: İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “Azərreyl” birinci və ikinci texniki fasilələrə öndə yollanıb. Bunun nəticəsində əvvəlki 2 oyundan fərqli, hücumda dəqiq oynayan Adnan Kistakın yetirmələri 25:12 hesabı ilə qələbə qazanıblar.

II set: Oyun “Azərreyl”in üstünlüyü şəraitində keçib. Qələbə qazanıb, üçüncü yerə sahib olmaq istəyən “İqtisad”çının voleybolçuları şokdadırlar. Bundan isə məharətlə istifadə edən “dəmiryolçular” bu hissəni də öz aktivinə yazırlar – 25:12.

III set: Bu dəfə meydanda ssenari dəyişib və üstünlük “İqtisadçı”nın tərəfinə keçir. Artıq müdafiədə və blokda səhvsiz oynayan “iqtisadçılar” rəqibin hücumlarının qarşısını asanlıqla alırlar. Maraqlıdır ki, hücum qurmaqda çətinlik çəkən “Azərreyl” də 25:12 hesabı ilə uduzur.

IV set: Üçüncü setdə qələbədən ruhlanan “İqtisadçı” voleybolçuları uğurlu çıxışlarını davam etdirirlər. Onlar bu hissədə də gözəl oyun nümayiş etdirərək, “Azərreyl”i 25:21 hesabı ilə məğlubiyyətə uğradırlar. Qarşılaşmada hesab bərabərləşdiyindən oyunun taleyi həlledici hissədə müəyyənləşəcək.

V set: İlk 2 hissədə qələbə qazanan “Azərreyl” bu uğurun davamını gətirə bilməyib. Dalbadal üç hissədə məğlub olan Adnan Kistakın yetirmələri həlledici setdə də 9:15 hesabı ilə uduzaraq, Azərbaycan çempionatını 4-cü yerdə başa vurublar. Ardıcıl 3 set qazanan “İqtisadçı” isə yarışın bürünc mükafatına sahib olub.

18:30 “Rabitə” – “Lokomotiv” - 3:0 (25:20; 25:17; 25:18)
I set: Çempionluq uğrunda oyunun ilk hissəsi qarşılıqlı hücumlar və gərgin mübarizə şəraitində keçir. Xala-xal prinsipi ilə davam edən setdə “Lokomotiv” voleybolçularının sonda etdikləri səhv “Rabitə”nin 25:20 hesablı qələbəsi ilə yekunlaşır.

II set: Set “Rabitə”nin üstünlüyü ilə keçib. Rəqibinə çətin anlar yaşadan “rabitəçilər” “Lokomotiv”in müdafiədəki səhvlərindən məharətlə yararlanıb və ikinci hissəni də 25:17 hesabı ilə öz xeyirlərinə başa vurublar.

III set: Üçüncü set isə “Lokomotiv”in çempion olmayacağını aydınlaşdırıb. “Azərreyl”i məğlub edərək, finala yüksələn “dəmiryolçular” “Rabitə”nin gözəl oyunu qarşısında “mat” qalıblar. Nəticədə bu hissədə də dönüş yarada bilməyən “Lokomotiv” quru hesabla uduzub.

Beləliklə, gərgin keçən oyunlardan sonra 3 oyunun hamısında qələbə qazanan “Rabitə” Azərbaycan çempionu adına layiq görülüb. “Lokomotiv” ikinci, “İqtisadçı” isə üçüncü yeri tutub.
0