“Efes Pilsen”in basketbolçusu Azərbaycan yığmasına gəlir
29.04.2010 - 14:24
“Efes Pilsen”in basketbolçusu Azərbaycan yığmasına gəlir
“Amerikalı legionerləri yığma komandanın heyətinə cəlb etmək fikrindən daşındıq. Hazırda Türkiyədə məşhur “Efes Pilsen” klubunun əvəzedici heyətində oynayan basketbolçu ilə maraqlanırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığma komandasının meneceri Levent Türknas verib.

Menecer bildirib ki, həmin basketbolçu Orxan Adnan Hacıyev Azərbaycanda doğulsa da, Türkiyə vətəndaşıdır: “Mövsümü uğurla keçən 21 yaşlı Orxan II liqanın güclü basketbolçularından hesab olunur. Artıq onun meneceri və özü ilə söhbətlərimiz olub. Millidə oynayıb-oynamayacağı ilə bağlı yekun qərarı Orxan verəcək”.

Avropa çempionatına hazırlaşan yığmamızın uğurlu çıxış etməsi üçün Türknas 2 basketbolçuya ehtiyac olduğunu söyləyib. Menecer həmçinin az öncə milliləşdirmək istədikləri amerikalı Coşva Xeyltveltin komandaya lazım olmadığını bildirib: “Biz komandaya xaricdə yaşayan azərbaycanlı basketbolçu axtarışını davam etdiririk. Türkiyədə təlim-məşq toplanışında olarkən vaxtı ilə yığma komandamızda oynamış Roman Troşin ilə də söhbət etdik. O, hətta bizimlə birgə məşqlərə də qatıldı. Milliyə qayıtmağa hazırdır. Bizdən cavab gözləyir. Yəqin ki, Orxan razılıq verərsə, o da axtardığımız ikinci əcnəbini əvəz edəcək”.

Qeyd edək ki, “Efes Pilsen” klubunun rəsmi saytında Orxan Hacıyevin soyadı Hacıyeva kimi göstərilib.
0