Nisə Quliyeva: Voleybol oynadığım üçün evlənə bilmirdim
05.05.2010 - 11:08
Nisə Quliyeva: Voleybol oynadığım üçün evlənə bilmirdim
“Azərreyl” voleybol klubunun kapitanı Nisə Quliyeva bu il idman karyerasını başa vura bilər. Bu barədə apasport.az saytına voleybolçunun özü məlumat verib. 15 ilə yaxın Türkiyə yığmasının şərəfini qoruyan Quliyeva artıq voleyboldan ayrılmağın vaxtının çatdığını bildirib: “28 ildir ki, voleybol oynayıram. Karyeramın böyük hissəsi Türkiyədə keçib. Kifayət qədər uğurlarım olub. Lakin bu il idmançı kimi çıxışımı başa vuracağam. Yəqin ki, növbəti mövsümdən məni heç bir komandanın heyətində görməyəcəksiniz”.

Voleybolla vidalaşsa da, 38 yaşlı idmançı bu il ailə həyatı quracaq: “İdmanın bu növünə bağlılığım səbəbində evlənə bilmirdim. Lakin tezliklə evlənəcəyəm. Artıq namizəd də var. Nişanlım türkiyəlidir”.

Quliyeva karyerasını başa vurduqdan sonra özü üçün yeni iş yeri də tapıb: “Voleybola bağlılığım qalacaq. Türkiyəyə qayıdıb menecer kimi fəaliyyət göstərəcəyəm. Əgər Azərbaycan klubları da istəsələr, onlar üçün güclü voleybolçuların transferində köməklik göstərə bilərəm”.

Qeyd edək ki, karyerasının əsas hissəsini Türkiyədə keçirən Nisə Quliyeva “Azərreyl”ə bu mövsüm gəlmişdi. O, bu komandanın heyətində Azərbaycan çempionatında 4-cü yeri tutub.
0