Aleksandr Rındin Azərbaycan yığmasına qayıtdı
11.05.2010 - 13:55
Aleksandr Rındin Azərbaycan yığmasına qayıtdı
Basketbol üzrə Avropa çempionatına hazırlaşan kişilərdən ibarət Azərbaycan yığması təlim-məşq toplanışını bölgələrdə davam etdirəcək. Millinin meneceri Levent Turknasın apasport.az saytına verdiyi məlumata görə, onlar mayın 17-də Kürdəmirə səfər edəcəklər.

Burada Olimpiya İdman Kompleksində 12 gün məşq edəcək komanda yenidən paytaxta dönəcək. Mayın sonunda isə yığmamızın Polşada oynayan üzvü Aleksandr Rındin də heyətə qoşulacaq.

Turknasın sözlərinə görə, 226 sm boyu olan həmyerlimizin yenidən milliyə qayıtması heç də asan başa gəlməyib. Rındin uzun sürən danışıqlardan sonra yenidən Azərbaycan yığmasının formasını geyinməyə razılıq verib: “Polşa çempionatında çıxış edən Aleksandr komandadan incimişdi. Mən yığmaya yeni gəldiyimdən bunun səbəbi barədə dəqiq məlumatım yoxdur. Onunla söhbətlərdə Azərbaycanda yeni komandanın formalaşdığını və qarşıya ciddi məqsədlər qoyulduğunu bildirdim. 4-5 ildir ki, millidən uzaq düşən Rındinin komandaya qayıtması üçün danışıqlarım müsbət nəticə verdi. Polşa çempionatı yekunlaşdığından basketbolçumuz iyunun 1-dən start götürəcək əsas təlim-məşq toplanışına qatılacaq. Komandanın lideri avqustda keçiriləcək Avropa çempionatına kimi bizlə birgə olacaq. İnanıram ki, o, Bakıya gəldikdən sonra bütün problemlər arxada qalacaq və komandanın daha da güclü çıxış etməsi üçün əlindən gələni əsirgəməyəcək”.

Tahir HÜMMƏTOV
0