“Fənərbaxça”nın oyunçusu Azərbaycan yığmasında oynaya bilər - FOTO
11.05.2010 - 23:05
“Fənərbaxça”nın oyunçusu Azərbaycan yığmasında oynaya bilər - FOTO
“Yığma komandanın tam heyəti mayın sonunda müəyyənləşəcək. Bu vaxt artıq millidə legionerlərin və əslən azərbaycanlı olan Orxan Adnan Hacıyevin oynayıb-oynamaması dəqiqləşəcək. Lakin “Efes Pilsen”də forma geyinən təmsilçimizin zədə problemi onun yığmadakı taleyini sual altında qoyur. O, Türkiyə çempionatında da zədəli çıxış edib və bərpa dövrü keçməsinə ehtiyacı var”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan basketbol yığma komandasının meneceri Levent Türknas bildirib.

Menecer seçilərkən ölkə xaricində çıxış edən azərbaycanlıları bir yerə toplamağı qarşısına əsas məqsəd qoyan Türknas daha bir həmyerlimizlə danışıqlara başlayıb: “Əslən azərbaycanlı olan Rasim Başak “Fənərbaxça” klubunda forma geyinir. 8 ildir bu komandanın heyətində çıxış edən basketbolçu Türkiyə çempionu olub və Avropada “Dördlər finalı”nda qüvvəsini sınayıb. Onunla danışıqlarımız davam edir. Yığmada oynamağa razılıq verərsə, komandamız daha da güclənəcək”.

Qeyd edək ki, 1980-ci ildə Bakıda anadan olan Rasim Başakın atası azərbaycanlı, anası rusdur. Əsl adı Ruslan Avleev olan basketbolçu Türkiyə getdikdən sonra adını və soyadını dəyişib. Onun orada ildə ilk çıxış etdiyi klub “Renault” olub. 1999-cu ildən 2003-cü ilə kimi bu komandada oynayan Ruslan sonra “Fənərbaxça” klubuna transfer olunub. Bu günədək İstanbul təmsilçisinin şərəfini qoruyan həmyerlimiz Super Liqada 250-dən artıq oyun keçirib. 2002-ci ildə “Renault”la ikinci liqada birinci yeri tutub. 2007-ci ildə isə “sarı-lacivərtlilər”in heyətində Super Liqada qızıl medala layiq görülüb.

Təxminən 8 il əvvəl Türkiyə yığmasına cəlb edilib. Lakin onun burada karyerası uğurlu alınmayıb və tezliklə millidəki yerini itirib.

Tahir HÜMMƏTOV
0