Zədəsi Orxan Adnanın Azərbaycan yığmasına kömək etməsinə mane olur
12.05.2010 - 13:04
Zədəsi Orxan Adnanın Azərbaycan yığmasına kömək etməsinə mane olur
“Oğlum hazırda müalicə olunur. Onun dizində və topuğunda ciddi zədəsi var. Buna görə psixoloji cəhətdən də əziyyət çəkir”. Bu sözləri apasport.az saytına açıqlamasında basketbol üzrə Azərbaycan yığmasına dəvət olunan Orxan Aydın Hacıyevanın atası Aydın Bəşirov deyib.

Türkiyənin “Efes Pilsen” komandasında çıxış edən həmyerlimizin Azərbaycan yığmasında çıxışı sual altındadır. O, cərrahiyyə əməliyyatı olunduğundan, şəxsi məşqlərə avqustdan başlayacaq. Lakin millimizin həmin vaxt Avropa çempionatında iştirakını nəzərə alsaq, Orxanın heyətdə yer almayacağını indidən də söyləmək olar.

Basketbolçunun atası da onun Avropa çempionatına kimi hazır olmayacağını bildirib: “Mən də oğlumun Azərbaycan yığmasının şərəfini qorumasını istəyirəm. Bununla bağlı yığma komandanın meneceri Levent Turknasla da ətraflı söhbət etmişəm. Lakin hazırda Orxanın zədəsi çox ciddidir. O, hətta karyerasını vaxtından əvvəl də başa vura bilər. Bunun üçün cərrahiyyə əməliyyatından sonra bərpa dövrü düzgün getməlidir. Orxan “Efes Pilsen”in İtaliyada keçiriləcək təlim-məşq toplanışına da qatılmayacaq. Həkimlər ona avqustda şəxsi məşqlərə başlamağa icazə verib. Bunun üçün çox güman ki, millimizə kömək edə bilməyəcək”.

7 il əvvəl Türkiyəyə “Qalatasaray” klubuna yollanan Orxan Aydın Hacıyeva “sarı-qırmızılar”ın heyətində 1 oyun da keçirə bilmədi. Həmin vaxtdan “Efes Pilsen”in şərəfini qoruyan həmyerlimizə Türkiyə yığmasında oynamaq təklifi də edilib.

“Orxan Türkiyəyə yollandıqda “Qalatasaray”da çıxış edəcəyi gözlənilsə də, bu belə olmadı. O, “Efes Pilsen”in heyətinə cəlb edildi. Burada isə uğurlu çıxış oğlumun Türkiyə millisinə çağırılması ilə nəticələndi. Orxan qardaş ölkənin gənclər komandasının heyətində mübarizə aparıb. Artıq böyüklərdən də ibarət yığmaya dəvət edilib. Düzdür, oğlum bu komandanın heyətində Avropada tanına bilər. Bunun üçün qərar vermək də çətindir. Hər halda, seçimimizi doğma Azərbaycanın xeyrinə edəcəyik. Bu qərarı açıqlamaq isə haradasa 1 ay çəkəcək” – deyə Aydın Bəşirov bildirib.

Basketbolçunun atası Orxanın soyadına da aydınlıq gətirib: “Həyat yoldaşım türkdür. Oğlum da Türkiyəyə getdikdən sonra Orxan Aydın Hacıyeva oldu. Onun soyadında dəyişiklik bu ölkənin vətəndaşı olmaq üçün edilib. Yəni, anasının soyadına keçib. Lakin tezliklə onun sənədlərini Orxan Aydın kimi təsdiqlətdirəcəyik”.
0