Türkiyəli gözəl Azərbaycan çempionu olmaq istəyir - MÜSAHİBƏ
14.05.2010 - 13:19
Türkiyəli gözəl Azərbaycan çempionu olmaq istəyir - MÜSAHİBƏ
“İqtisadçı” klubunun yeni transferi, türkiyəli voleybolçu Filiz Özgürün apasport.az saytına eksklüziv müsahibəsi

- “İqtisadçı” ilə danışıqları yekunlaşdırdığınız bildirilir. Rəsmi müqavilə imzalamısız?
- Növbəti mövsümdə “İqtisadçı”nın şərəfini qorumaq üçün yalnız müqaviləyə imza atmağım qalıb. Danışıqlar demək olar ki, müsbət həll olunub. Transferimi türkiyəli menecer Tunc Afşar həyata keçirir. Müqaviləni rəsmiləşdirmək üçün isə onun zəngini gözləyirəm.

- Müqavilənin müddəti neçə illik nəzərdə tutulub?
- Bir il və daha artıq da ola bilər. İnşallah, Bakıya gəldikdən sonra neçə il orada qalacağım tam dəqiqləşəcək. Azərbaycanı sevdiyim üçün, yeni klubumda çox da qala bilərəm.

- Bakıya gəlişinizin vaxtı dəqiqləşibmi?
- Tezliklə gələcəyəm. Amma hələlik tarix tam dəqiqləşməyib.

- Yeni komandanız barədə hansısa məlumata maliksinizmi?
- Azərbaycanda olan dostlarımın sayəsində məlumat toplamışam. “İqtisadçı”nın son mövsümdə bürünc medal qazandığını bilirəm. Növbəti ildə daha güclü kollektiv yığacağı barədə də xəbərim var.

- “İqtisadçı”nı seçməkdə məqsədiniz nədir? Bəlkə legioner həyatı yaşamaq üçün bu varianta üstünlük vermisiniz?
- Azərbaycanda oynamaq təklifi gəldi və mən ilk dəfə doğma ölkədən kənara çıxmağa qərar verdim. Qismətdir. İnanıram ki, hər şey uğurlu olacaq.

- Türkiyə Super Liqasında sayca daha çox komanda mübarizə aparır və bu səbəbdən rəqabət daha güclüdür...
- Tunc bəy mənə Azərbaycanda da güclü klubların formalaşdığını və çempionatın gərgin keçdiyini bildirdi. Bunun üçün seçimimi “İqtisadçı”nın xeyrinə etdim.

- Azərbaycan çempionatında bu mövsüm 5 komanda qüvvəsini sınayıb. Növbəti ildə isə klubların sayının 8 olacağı gözlənilir. Yəni, Azərbaycanda birincilik yeni-yeni inkişaf edir. Bu sizi çəkindirmir ki?
- Xeyr. Müqavilə bağladıqdan sonra klubun uğurları üçün mübarizə aparacağıq. Yeni mövsüm start götürdükdən sonra öz oyunumuzu nümayiş etdirəcəyik.

- Bəlkə, Azərbaycana gəlməyinizdə pulun çox verilməsi mühüm rol oynayıb?
- Belə deməzdim. Türkiyə ilə müqayisədə elə də böyük fərq etmir. Yəni, keçidimdə pul mühüm rol oynamayıb. Sadəcə, Tunc Afşar “İqtisadçı”da oynamağı təklif edib və mən də fikirləşib qərar vermişəm.

- Yeni komanda ilə Azərbaycanda hədəfiniz nə olacaq?
- Çempionluq. Çünki yeni komanda gücü olacaq. Lakin bu proqnozdur. Azərbaycandakı klubların gücünü dəqiq bilmirəm.

- Azərbaycanlı voleybolçulardan tanıdığınız varmı? Onlardan bəziləri hətta Türkiyə Superliqasında çıxış ediblər və “Fənərbaxça”nın heyətində çempion adını qazanıblar.
- Mən I dəstədə oynadığım üçün onların hamısını dəqiq tanımıram. Onlarla münasibətim də olmayıb. Amma bəzilərini tanıyıram və güclü oynadıqlarını bilirəm.

Tahir HÜMMƏTOV
0