Milli komandamızın yol əhvalatı
18.05.2010 - 18:06
Milli komandamızın yol əhvalatı
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması vətənə qayıdıb. Mayın 15-də İngiltərə ilə qarşılaşmadan sonra İslandiyada vulkan püskürməsi səbəbindən Londonda ləngiyən komandamızı gətirən təyyarə təxminən saat 17:00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Yığma komandanın rəisi Nazim Allahverdiyevin apasport.az saytına verdiyi məlumata görə, onlar 2 gecə aeroportlarda qalıblar: “Komandamız oyundan sonra qayıtmalı olsa da, Bakı-London reysinin vulkan təhlükəsinə görə təxirə salınması bütün planlarımızı pozdu. Dünən bütün günü İngiltərə aeroportunda qaldıq. Düzdür, yemək və gecələməklə bağlı problemlər olmasa da, hamı narahat idi. Bir gün orada qaldıqdan sonra isə Türkiyəyə yollandıq. Bir axşam da qardaş ölkənin aeroportunda “qonaq” olduq. Nəhayət ki, uzun sürən “yol əhvalatından” sonra Bakıya gəlib çatdıq”.

Qeyd edək ki, Avropa çempionatı təsnifat mərhələsinin ilk matçında 3:0 hesabı ilə İngiltərəyə qalib gələn millimiz səfərdə eyni hesabla məğlub olsa da, top fərqinə görə bu illik beynəlxalq arenada çıxışını dayandırıb.
0