Natalya Məmmədova: Belarusla oyuna xüsusi taktika ilə çıxmışdıq
24.05.2010 - 10:15
Natalya Məmmədova: Belarusla oyuna xüsusi taktika ilə çıxmışdıq
“2009-cu ildə Belarus və Azərbaycan komandaları 4 dəfə qarşılaşıblar. Bu oyunların hamısında belaruslular rəqiblərindən güclü olublar. Bunun üçün Mogilyovdakı görüş xüsusi maraq kəsb edirdi. Son dəfə ötən ilin sentyabrında üz-üzə gələn bu dueldən Belarus yığması 3:2 hesabı ilə qalib ayrılsa da, qonaqlar revanş almağı bacardılar. Belə ki, ev sahibləri oyunun startında problemlə üzləşdilər. Komandanın liberosu İrina Lebedeva zədələndi. Həmin vaxt isə oyuna Azərbaycan yığması diktə edirdi. Birinci setdə uduzan və növbəti hissənin də çətin olacağını görən Nikolay Karpol oyunda dönüş yaratmaq üçün əvəzləməyə əl atdı. O, Yelena Makarevçukun yerinə Marina Tuması meydana buraxsa da, bunun oyuna heç bir xeyri olmadı. 17:11 hesabı ilə irəlidə olan Belarus millisi azərbaycanlıların blokları və Natalya Məmmədovanın güclü zərbələri qarşısında tab gətirə bilmədi – 17:17. Daha sonra isə 23:20 hesabı ilə önə keçən rəqib seti qələbə ilə başa vurdu. Son setdə də sevinən tərəf Azərbaycan komandası oldu”. Bu sözlər Belarus Voleybol Federasiyasının rəsmi saytında Azərbaycanla oyunla bağlı şərhdə yazılıb.

Komandalarının zəif çıxış vurğulayan belaruslular yığmamızın lideri Natalya Məmmədovanın da oyunla bağlı təəssüratlarını öyrəniblər: “Mogilyovda uğurlu çıxış etdik. Belarus yığması üçün ilk dəqiqələr pis başladı. Biz isə blokda oynayaraq rəqibin səhvindən yararlandıq. Bu oyuna xüsusi taktika ilə çıxmışdıq və bu da özünü doğrultdu. Ev sahiblərinin səhvlərdən nəticə çıxarmasını gözləməyərək, gözəl oynadıq. Nəticədə 3 setdə qələbə qazandıq. Bu uğurun Bakıda da davam etdirilməsi üçün çalışacağıq”.
0