Tovuz klubunun prezidenti: Hələ komandamızla bağlı tam qərar qəbul olunmayıb
25.05.2010 - 10:51
Tovuz klubunun prezidenti: Hələ komandamızla bağlı tam qərar qəbul olunmayıb
Növbəti mövsümdə voleybol üzrə qadınlar arasında Super Liqada mübarizə aparacaq komandalar heyətlərini gücləndirməkdə davam edirlər. Maraqlıdır ki, son mövsümdə yüksək dəstədə oynayanlardan fərqli olaraq, debütantlardan soraq yoxdur.

Bu il I dəstədə ikinci yeri tutaraq Super Liqaya vəsiqə qazanan Tovuzun eyniadlı komandası da heyətinə yeni voleybolçu qatmaqda tələsmir. Bu barədə apasport.az saytına klubun prezidenti Musa Süleymanov açıqlama verib: “Hələ komanda bir yerə toplaşmayıb. Fikrimcə, 10 günə bütün məsələlərə aydınlıq gələcək. Klubda yeni voleybolçu olmasa da, lazımi səviyyədə transferlər həyata keçirməyi planlaşdırırıq. Yəqin ki, Avropa ölkələrindən də oyunçular alacağıq. Lakin transferlərin nə vaxt baş tutacağı ilə bağlı dəqiq nəsə deyə bilmərəm. Bir sözlə, hələ komandamızla bağlı tam qərar qəbul olunmayıb”.

Süleymanov rəhbəri olduğu klubun tarixdə ilk dəfə Super Liqada oynamasını önəmli saysa da, bu mövsüm mükafatlar uğrunda mübarizə aparmayacaqlarının dəqiq olduğunu bildirib: “Komanda yüksək liqaya yeni vəsiqə qazandığından hələ ki, mükafatçılar sırasına düşmək çətin olacaq. Lakin bu, heç də sonuncu olacağıq anlamına gəlməməlidir. Turnir cədvəlinin ortalarında yer almağı planlaşdırırıq”.

Tahir HÜMMƏTOV
0