Yığmamızın lideri adını Rusiya tarixinə yazdırdı
25.05.2010 - 13:00
Yığmamızın lideri adını Rusiya tarixinə yazdırdı
Voleybol üzrə qadınlar arasında Rusiya çempionatının statistikası açıqlanıb. Bu statistikaya görə, son mövsümü Krasnodarın “Dinamo” klubunda keçirən Azərbaycan yığmasının lideri Natalya Məmmədova adını şimal qonşularımızın voleybol tarixinə qızıl hərflərlə yazdırıb.

Apasport.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2009/2010 mövsümündə bu ölkənin birinciliyində çıxış edən klublarda 172 voleybolçu meydana çıxsa da, rekordu həmyerlimiz vurub və birinci yerə sahib olub.

Çempionat ərzində 32 matçda və 121 setdə meydana çıxan Natalya Məmmədova komandasına 731 xal (təxminən 30 hissə) qazandırıb. Onunla birlikdə “Dinamo”nun bürünc medala yiyələnməsində böyük əməyi olan Anna Makarova da Məmmədova ilə eyni sayda matça çıxsa da, voleybolçumuzdan 173 xal az toplayıb. O, 558 dəqiq zərbə vurub. İlk üçlüyü isə Rusiya çempionatının gümüş mükafatçısı, millimizin kapitanı Oksana Parxomenko ilə Moskva “Dinamo”sunun şərəfini qoruyan Natalya Qonçarova qapayıb. 31 qarşılaşmada 108 setdə meydana çıxan Qonçarova 514 xala sevinib.

Qeyd edək ki, növbəti mövsümdə də paytaxt təmsilçisinin heyətində çıxış edəcək Parxomenko 2009/2010 mövsümündə 31 oyunda 106 hissədə rəqibə qarşı mübarizə aparıb və bu matçlarda qazandığı 151 xalla 45-ci yeri tutub.

Son ili Rusiyada keçirən Azərbaycan çempionu “Rabitə”nin yeni transferi Natalya Kulikova Belqradın “Universitet” komandasında 12 matçda 44 setdə komandasına kömək edib. Kulikova 81 xalla 67-ci pillədə qərarlaşıb.

Tahir HÜMMƏTOV
0