Yığma komandamızın kapitanı karyerasını bitirəcəyi vaxtı açıqladı
25.05.2010 - 15:46
Yığma komandamızın kapitanı karyerasını bitirəcəyi vaxtı açıqladı
“Mən evim və ölkəm olan Azərbaycanı çox sevirəm. Başqa bir ölkədə anadan olsaydım, inanmıram ki, bugünkü yerdə qərarlaşa bilərdim. Bu səviyyəyə çatmağımda ilk növbədə Azərbaycana, sonra isə məşqçilərimə borcluyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə qadınlardan ibarət yığma komandamızın kapitanı Oksana Parxomenko deyib.

İlk dəfə Azərbaycan komandasının formasını 14 yaşında geyinən toppaylayıcımız 35 yaşına kimi voleybol oynamaq arzusundadır: “Mən və bacım Yelena Parxomenko uşaq yaşlarımızdan idmanın bu növü ilə məşğul oluruq. Lakin peşəkar voleybola keçməyimiz anamın arzusu ilə reallaşıb. Mən hətta yığmadakı ilk oyunuma da təsadüfdən çıxmışam. Bu, 14 yaşımda baş verib. Ehtiyatda qalırdım və təcrübəsiz idim. Lakin yarışların birində əsas dispetçerimiz zədələndi. Baş məşqçimiz Faiq Qarayev mənə inandı və ilk altılıqda yer verdi. Gözəl mübarizə apardıq və həmin turniri ikinci yerdə başa vurduq. Həmin vaxtdan da Azərbaycan millisinin şərəfini qoruyuram və bununla fəxr edirəm. Ömrüm boyu voleybol oynamaq istəyirəm. Təbii ki, bu zarafat olsa da, ən azından 35 yaşıma kimi karyeramı davam etdirəcəyəm. Ondan sonra isə yenidən bu məsələyə baxacağam”.

26 yaşı olan voleybolçumuz heyranı olduğu insanın da adını açıqlayıb: “Həmişə İrina Kirillovaya həsrət aparmışam. İnanılmaz bir voleybolçudur və neçə illərdir ki, ən yaxşılar sırasındadır. O, müəyyən fasilədən sonra yenidən meydana qayıtdı və Çempionlar Liqasında ən yaxşı dispetçer adını qazandı”.

Qeyd edək ki, Moskva “Dinamo”sunun heyətində çıxış edən Oksana Parxomenko ən əsas unudulmayacaq anını hələ yaşamadığını bildirib: “Unuda bilmədiyim çox anlarım var. Lakin hələ ən önəmlisini yaşamamışam”.
0