“Ənənə” pozulmadı, hələ də xal həsrətindəyik
27.05.2010 - 10:10
“Ənənə” pozulmadı, hələ də xal həsrətindəyik
Həndbol üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, II qrupda yer alan Azərbaycan yığma komandası bu turda da “ənənə”sinə sadiq qalıb.

Belə ki, qrup mərhələsinin ilk 4 oyununda məğlub olan Rəfiqə Şabanovanın yetirmələri İsveç həndbolçuları ilə cavab görüşündə də meydanı xalsız başa vurublar. ABU-Arenada keçirilən görüş 27:18 (14:9) hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Birinci matçda millimizə 31:11 hesabı ilə qalib gələn isveçlilər bu qələbədən sonra xallarının sayını 6-ya çatdırsalar da, birinci yerin sahibi Macarıstandan 4 xal geri qalırlar. Üçüncü pillədə qərarlaşan Çexiya həndbolçularının aktivində isə 4 xalları var.

Qeyd edək ki, 5 turdan sonra Rəfiqə Şabanovanın yetirmələr xala həsrətdirlər. Keçirdikləri bütün oyunlarda məğlubiyyət acısı yaşayan komandamız son oyununu mayın 30-da Macarıstan millisinə qarşı keçirəcək.
0