Türkiyə millisinin daha bir sabiq məşqçisi Azərbaycanda
29.05.2010 - 18:27
Türkiyə millisinin daha bir sabiq məşqçisi Azərbaycanda
Bakıda keçirilən qadınlar arasında Avropa çempionatının II seçmə mərhələsinin oyunlarını canlı izləmək üçün Türkiyə yığmasının sabiq məşqçisi Emin İnən də paytaxtımıza təşrif buyurub. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlu” komandada Faiq Qarayev, Adnan Kistak və Rəşat Yazıçıoğulları kimi baş məşqçilərin hər birinin dövründə məşqçilər korpusunda yer alan türkiyəli mütəxəssis hazırda III liqada çıxış edən “Bursa Bələdiyyəspor” klubunda çalışır.

Bir həftəlik Bakıya gələn “Bursa Bələdiyyəspor” sabah hazırlığı başa vuraraq, vətənə qayıdacaq. Klubun baş məşqçisi Emin İkənin sözlərinə görə, paytaxtımıza təşrif buyurmasında əsas məqsədlərdən biri həm də, Azərbaycan yığmasının oyununu izləməkdir: “23 nəfərlik heyətlə Azərbaycana gəlmişik. Burada Türkiyə çempionatına hazırlaşırıq. Artıq 1 yoxlama oyununda qüvvəmizi sınamışıq. “Lokomotiv”lə görüşdə azərilər 3:2 hesabı ilə qalib gəliblər. Səfərimizi bazar günü yekunlaşdıracağıq. Lakin buraya gəlişimizdə əsas məqsədlərdən biri də Avropa çempionatının seçmə mərhələsini izləməkdir. Dünya səviyyəli məşqçi, vaxtı ilə Türkiyə yığmasında bir yerdə çalışdığımız Faiq Qarayev çox gözəl kollektiv yaradıb. Onların oyunlarında yalnız həzz alırsan. İnanıram ki, həlledici mərhələdə də Türkiyə və Azərbaycan millisi özündən söz etdirməyi bacaracaq”.

Yığma komandamızla bərabər Azərbaycan çempionatında da nəzərəçarpacaq irəliləyişin olduğunu bildirən Emin İnən gələcəkdə klublarımızdan təklif alarkən dəyərləndirməyə hazır olduğunu deyib: “Komandam III liqada oynasa da əsasən gənclərdən qurulub. Perspektivli voleybolçular mübarizə aparır. Türkiyədə bütün liqalarda ciddi mübarizə var. Azərbaycan çempionatının da ötən mövsümdən gücləndiyi barədə məlumatım var. Burada “Azərreyl” kimi qitə miqyaslı klubu çiyin-çiyinə işlədiyim Adnan Kistak çalışdırır. Ondan əlavə, Rəşat Yazıçıogulları da növbəti ildən “İqtisadçı”da işləyəcək. Mənim Türkiyədə öz klubumda hər şey yaxşı getsə də, Azərbaycan komandalarından təklif gəlsə fikirləşə bilərəm. Çünki hazırda ölkənizdə voleybol çox inkişaf edib. Buna yığmamızın sabiq baş məşqçiləri ilə söhbətdə də bir daha əmin olmuşam”.
0