Millimiz Avropa çempionatının finalına 1 addım da yaxınlaşdı
29.05.2010 - 23:47
Millimiz Avropa çempionatının finalına 1 addım da yaxınlaşdı
Voleybol üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında təşkil edilən qarşılaşmada Azərbaycan və Bosniya və Herseqovina yığmaları üz-üzə gəliblər.

Bir gün əvvəl olduğu kimi, bu dəfə də komandamızın oyunu məşq xarakteri daşıyıb. Bosniyalılara çətin anlar yaşadan Faiq Qarayevin yetirmələri birinci hissədə 25:13 hesabı ilə qələbə qazanıblar. Azarkeşlərin alqışlarından ruhlanan voleybolçularımız ikinci setdə də inamlı oyun nümayiş etdiriblər – 25:15. Maraqlıdır ki, yığmamız keçirdiyi beşinci görüşünü də “quru hesabla” başa vurub. Onlar sonuncu hissədə 25:17 hesabı ilə rəqiblərini məğlub edərək birinci pillədəki yerlərini qoruyublar.

Qrupumuzda keçirilən digər oyunda Belarus voleybolçuları gürcülərə gözlərini açmağa imkan vermədi. Nikalay Karpolun yetirmələri 25:7, 25:5 və 25:9 hesabı ilə qələbə qazanaraq 3 setdə rəqibə cəmi 21 xal verdilər.

II seçmə mərhələnin başa çatmasına 1 tur qalmış Azərbaycan komandasını 12 xalı var. İkinci pillədə qərarlaşan Belarus millisinin 11 xala malikdir. Bosniya və Herseqovina 6 xalla üçüncü, Gürcüstan yığması isə 5 xalla dördüncüdür.

Qeyd edək ki, bu gün saat 16:00-da Bosniya və Herseqovinaya və Gürcüstan, saat 18:30-da isə Azərbaycan və Belarus yığmaları qüvvələrini sınayacaqlar.
0