Azərbaycan yığması dalbadal dördüncü dəfə Avropa çempionatının finalında
30.05.2010 - 19:43
Azərbaycan yığması dalbadal dördüncü dəfə Avropa çempionatının finalında
Bu gün voleybol üzrə qadınlar arasında Avropa çempionatının II seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən son oyunda da qələbə qazanan Azərbaycan yığması qrupda birinci yeri tutaraq, birbaşa Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Belə ki, voleybolçularımız qrup mərhələsinin VI turunda Belarus komandasını sınağa çəkib. Nikaloy Karpolun yetirmələri bu oyunda ilk məğlubiyyətin əvəzini çıxmaq istəsələr də, arzuları ürəklərində qalıb. Görüşə fəal başlayan millimiz ilk seti öz hesabına yazıb – 25:13. Bu qələbədən sonra finala vəsiqəni təmin edən voleybolçularımız Bakı İdman Sarayına toplaşan azarkeşləri pərişan etməmək üçün növbəti hissələrdə də baxımlı oyun nümayiş etdiriblər. İkinci hissədə 25:20 hesabı ilə rəqibini məğlub edən Faiq Qarayevin yetirmələri üçüncü setdə 25:18 hesablı qələbəyə seviniblər.

Qrupda keçirdiyi 6 oyunun hamısında 2 xal qazanan yığmamız dördüncü dəfə dalbadal Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb. Komandamız iştirak etdiyi qitə çempionatlarının həlledici mərhələsində isə ən yaxşı nəticəsi 4-cü yer olub. Onlar bundan əlavə, Avropada 11 və 12-ci olmağı da bacarıblar.

Paytaxtımızda keçirilən digər oyunda Bosniya və Herseqovina və Gürcüstan yığmaları qarşılaşıblar. Oyun bosniyalıların 3:0 (25:13, 25:9, 25:11) hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, II seçmə mərhələdən sonra 12 xalla Azərbaycan komandası qrupda birinci yeri tutub. 10 xala malik Belarus millisi ikinci yeri tutmaqla yanaşı, Avropa çempionatının pley-off mərhələsində oynamaq hüququ qazanıb. Üçüncü pillədə 8 xalla Bosniya və Herseqovina, dördüncü pillədə isə 6 xalla Gürcüstan voleybolçuları qərarlaşıblar.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2011-ci ilin sentyabrında İtaliya və Serbiyada keçiriləcək.
0