“Bu dəfə qrup səddini asan keçdik”
31.05.2010 - 10:27
“Bu dəfə qrup səddini asan keçdik”
“Mən karyeramda ikinci dəfə seçmə mərhələdə mübarizə aparırdım. Bundan öncəki yarışda finala birbaşa yüksələ bilmədik. Pley-offda gərgin mübarizədən sonra Yunanıstan komandasına qalib gələrək finala vəsiqə qazandıq. Lakin bu dəfə qrup səddini asan keçdik. Bütün qarşılaşmalarda çox yaxşı oyun nümayiş etdirdik. Bunun üçün sevincimin həddi-hüdudu yoxdur. Belarus komandası ilə matçlarda isə 3:0 hesabı ilə qələbə gözləməsəm də, bunu bacardıq. Mən yığmada yeni cəlb edilmişəm və əvvəllər məndə həyəcan var idi. Lakin baş məşqçimiz Faiq Qarayevin sayəsində komandada böyük inam formalaşıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında voleybol üzrə yığma komandamızın üzvü Şəfəq Kərimova bildirib.

Gənc voleybolçumuz qələbələrində azarkeşlərin də rolunu vurğulayıb: “Bütün görüşlərdə olduğu kimi, azarkeşlərimiz bizə böyük dəstək oldular. Biz də tamaşaçılara xoş anlar yaşatmaq üçün meydana çıxırıq. Bu gün onlara bu sevinci yaşatdığımıza görə xoşbəxtəm. Azarkeşlərimiz Bakıda son oyunlarda qələbə üçün darıxsalar da, onların bu həsrətinə son qoyduq”.

Kərimovanın sözlərinə görə, komandada yüksək əhval-ruhiyyə hökm sürür və yığmamız Avropa çempionatının həlledici mərhələsində ilk üçlükdə yer ala biləcək.
0