Natalya Məmmədova “Rabitə”də sevimli nömrəsində çıxış edəcək - FOTOSESSİYA
31.05.2010 - 17:55
Natalya Məmmədova “Rabitə”də sevimli nömrəsində çıxış edəcək - FOTOSESSİYA
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək voleybol üzrə qadınlardan ibarət “Rabitə” komandası heyətini gücləndirməkdə davam edir. Kluba Nataşa Krsmanoviç, Boyana Doganjiç, Silviya Papoviç, Sanya Staroviç, Mira Qoluboviç (hamısı Serbiya), İrina Jukova (Ukrayna), Natalya Kulikova (Rusiya), Mirela Deliç (Xorvatiya), Olqa Toçko (Latviya) və Diana Nenovanı (Bolqarıstan) cəlb edən komanda rəhbərliyi Azərbaycan yığmasının üzvü Natalya Məmmədova ilə də müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, bu gün keçirilən mətbuat konfransında “Rabitə”nin prezidenti Cəlil Cəfərov komandanın Çempionlar Liqasında çıxışı ilə bağlı məlumat verib və yığmamızın üzvü Natalya Məmmədovanı KİV nümayəndələrinə təqdim edib.

Cəfərov “Rabitə”nin daha da güclənəcəyini bildirib. O, bu mövsüm klubun Çempionlar Liqasında medallar uğrunda mübarizə aparacağını və Azərbaycanı Avropada layiqincə təmsil edəcəklərini deyib: “Bu yarışda iştirak etmək üçün Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinin böyük köməklik göstərdi və nəticədə “wild card” aldıq. Ümidləri doğrultmaq üçün klubun qarşısına ciddi məqsədlər qoymuşuq. “Rabitə” yarışda medallar uğrunda mübarizə aparacaq və ötən mövsüm olduğu kimi, Azərbaycanı bütün dünyada tanıdacaq”.

Bu il CEV kubokunun bürünc medalına sahib olan komanda rəhbərliyi “Rabitə”nin Avropa səviyyəli kluba çevriləcəyini və bunun üçün güclü voleybolçuların heyətə transfer olunacağını qeyd edib: “Kluba Serbiya, Latviya, Rusiya, Bolqarıstan və Xorvatiya yığmalarının üzvlərini cəlb etmişik. Bu gün isə onların sırasına Azərbaycan yığmasının lideri Natalya Məmmədovanı da qoşduq. Məmmədov klubumuzu seçdiyi üçün çox şadam. İnanıram ki, bu voleybolçu komandamızın qələbələrində böyük pay sahibi olacaq”.

Daha sonra “Rabitə”nin yeni transferi Natalya Məmmədova da paytaxt klubuna keçdi münasibət bildirib: “Mən uzun fasilədən sonra yenidən Azərbaycan klubunda çıxış edəcəyim üçün şadam. Artıq “Rabitə” ilə 1 illik müqaviləyə imza atmışam. Bir çox klublardan təkliflər gəlsə də, “Rabitə”ni seçməyimdə komandanın Çempionlar Liqasında çıxış edəcəyini, medallar uğrunda mübarizə aparacağını və güclü heyətə malik olduğunu nəzərə almışam. Bir sözlə, Bakı komandası bu mövsüm iddialı olacaq. Komandanın uğur qazanmasında əlimdən gələn bütün gücümü səfərbər edəcəyəm”.

Məmmədova komandada güclü rəqabətin də olacağı qənaətindədir: “Çıxış etdiyim komandalarda lider olsam da, “Rabitə”də güclü rəqabətin gedəcəyini əvvəlcədən də söyləmək olar. Heyətdə çox güclü voleybolçular yer alacaqlar. Lakin güc birlikdədir və biz bir yerdə istənilən komandanı məğlub edəcəyik. Yeni klubumdakı voleybolçuların çoxu ilə tanışam. Bunun üçün oyunumuzun alınacağını deyə bilərəm. Komandada yalnız baş məşqçinin taktikasından xəbərsizəm. Buna da alışmaq çətinlik yaratmayacaq”.

Sonra Natalya Məmmədovaya klubda geyinəcəyi sevimli - 9 nömrəli formanı təqdim edilib.

Qeyd edək ki, son mövsümü Krasnodar “Dinamo”sunda keçirən həmyerlimiz Azərbaycanda yalnız “Azərreyl”də çıxış edib.
0