Yığmamızın Avropa çempionatına son hazırlıq planı müəyyənləşdi
04.06.2010 - 17:03
Yığmamızın Avropa çempionatına son hazırlıq planı müəyyənləşdi
“İraq Basketbol Federasiyası bizi təlim-məşq toplanışı üçün ölkələrinə çağırsa da, bu təklifə “yox” dedik. Çünki bu ölkənin yığması güclülərdən hesab olunmur”. Bu sözləri apasport.az saytına açıqlamasında basketbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Elxan Əliyev deyib.

Avqusta keçiriləcək Avropa çempionatına ciddi hazırlaşan komandamız məşqlərini paytaxtda davam etdirir. İraqa getməyən basketbolçularımızın iyunun 12-də Xorvatiyaya səfəri də baş tutmayacaq. Əliyev Xorvatiyada güclü yığmaların iştirakı ilə keçiriləcək beynəlxalq turnirə yollanmayacaq komandasının yenidən Türkiyəyə gedəcəyini bildirib: “İyunun 3-dən əsas təlim-məşq toplanışına start vermişik. Lakin hələ tam heyətlə hazırlıq keçmirik. Çünki millimizin lideri Aleksandr Rindın düşərgəyə iyunun 6-da qoşulacaq. Ondan sonra “Fənərbaxça”nın heyətində Türkiyə çempionu olan Ruslan Benqer də Bakıya gələcək. Rasim Başakın da Azərbaycan yığmasının şərəfini qoruması üçün Beynəlxalq Basketbol Federasiyasına (FİBA) müraciət etmişik. FİBA icazə verərsə, Türkiyə millisində də oynamış həmyerlimiz yığmanın düşərgəsinə gələcək. Maraqlıdır ki, bununla da əsas heyətimiz formalaşmayacaq. Hələ milliləşdirmək istədiyimiz 2 amerikalı basketbolçunun sənədləri tam qaydasına salınmayıb. Bu proseslər yekunlaşdıqdan sonra komandanın gücü də müəyyənləşəcək və biz son hazırlıq üçün Türkiyəyə yollanacağıq. Burada bir neçə yoldaşlıq görüşü keçirib, birbaşa ilk oyunumuz üçün Albaniyaya gedəcəyik”.

Qeyd edək ki, Azərbaycan yığma komandası Avropa çempionatında Belarus, Rumıniya və Albaniya basketbolçuları ilə eyni qrupda yer alıb.
0