ABŞ və Argentina yığmalarının üzvləri Bakıda oynaya bilər
05.06.2010 - 09:58
ABŞ və Argentina yığmalarının üzvləri Bakıda oynaya bilər
Avrokuboklara hazırlaşan Azərbaycan klubları heyətləri gücləndirir, yeni voleybolçularla danışıqlar aparırlar. Apasport.az saytının məlumatına görə, qitədə ölkəmizi təmsil edəcək 4 komandadan ən fəalı Çempionlar Liqasında mübarizə aparacaq “Rabitə” olsa da, artıq digər klublarımız da güclü transferlər həyata keçirməyi planlaşdırırlar. Belə ki, bu istiqamətdə əsasən “İqtisadçı” və “Azərreyl”i fərqləndirmək olar.

Paytaxt komandalarına menecer kimi kömək edən türkiyəli mütəxəssis Tunc Afşar bu klubların tezliklə güclənəcəyini bildirib: “Mənim voleybol üzrə çalışdığım şirkət Azərbaycanda “İqtisadçı” və “Azərreyl”lə əməkdaşlıq edir. Növbəti mövsümdə bu komandalarda güclü voleybolçuların yer alacağını söyləyə bilərəm. Onlar digərlərindən geri qalmayacaqlar. Belə ki, artıq hər iki klub üçün ABŞ və Argentina yığmalarının üzvləri ilə danışıqlar gedir. Əgər danışıqlar müsbət yekunlaşarsa, həmin voleybolçular klubun gücünə əlavə güc qatacaqlar”.

“İqtisadçı”ya Türkiyə yığmasının sabiq baş məşqçisi Rəşat Yazıçıogulları və voleybolçu Filiz Özgürün keçidində birbaşa vasitəçilik edən Tunc Afşar klublarımızın Avropada uğurlu çıxış edəcəyi qənaətindədir: “Artıq Azərbaycanda voleybol klubları da inkişafdadır. İnanıram ki, bu mövsüm daha gərgin mübarizə gedəcək. “İqtisadçı” da isə Rəşat Yazıçıogulları kimi baş məşqçinin çalışması onların uğurunu daha da artıracaq”.

Qeyd edək ki, Tunc Afşar həm də “Bakı” futbol klubunda vitse-prezident vəzifəsində işləyir.
0