Milli komandamızın baş məşqçisi: Azərbaycan çempionatı çox zəifdir
16.06.2010 - 13:00
Milli komandamızın baş məşqçisi: Azərbaycan çempionatı çox zəifdir
“Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan Gürcüstan yığması ilə 3 oyun keçirdik. Hər üç yoldaşlıq görüşdə rəqib qələbə qazandı. Hesablara gəlincə, ən az fərqlə uduzduğumuz oyunda gürcülər bizdən 8 top üstün oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Gürcüstandan yenicə qayıdan həndbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Hikmət Abdullayev deyib.

Səfərə əsasən gənclərlə yollandıqlarını bildirən baş məşqçi millimizin hələ lazımi səviyyədə olmadığını bildirib: “Komandamızla Gürcüstana cəmi 4 təcrübəli həndbolçu getmişdi. Digər oyunçularımız isə 1990-cı il və daha yuxarı təvəllüdlü uşaqlar idi. Heyətdə gəncləşmə siyasəti aparırıq. Bunun üçün qələbə qazanmaq da çətindir. Avropa çempionatına hazırlaşan rəqiblə üz-üzə gəldiyimizdən onlar bütün oyunlarda qələbəyə köklənmişdilər. Bir sözlə, hələ iddialı komandalarla mübarizə aparmaq gücündə deyilik”.

Abdullayev Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığma komandasının çıxış etməməsinə də aydınlıq gətirib: “Bizim qitənin ən mötəbər yarışında iştirak etməyimiz üçün ən azı 3-4 peşəkar klubumuz olmalıdır. Lakin hazırda Azərbaycanda bircə belə komanda da yoxdur. Çempionatımız çox zəifdir. Millidə olan perspektivli həndbolçuları da xarici klublara veririk ki, təcrübələrini artırsınlar. Bundan əlavə, həm də bu komandalarda onlara yaxşı əməkhaqqı verirlər. Hazırda əsas məqsədimiz “Çelenc cup”da iştirak edəcək yığma komandanı formalaşdırmaqdır. Burada yaş həddi (1990-cı ildə yuxarı) qoyulduğundan gənclərlə işləyirik. Fikrimcə, bu yarışda nəticəmiz pis olmayacaq”.

Kişilərdən ibarət millimizin baş məşqçisi iddiasız komandanı çalışdırmaqdan hələ bezməyib. Onun sözlərinə görə, məşqçilik artıq onun üçün hobbiyə çevrilib: “Mən də bilirəm ki, hazırkı komanda ilə heç bir nəticəyə imza atmaq olmaz. Lakin 32 ildir məşqçi işləyirəm. Başqa məşğuliyyətim də yoxdur. Bunun üçün yığmada və Nizami UGİM-də gənclərə idmanın bu növünün sirrini öyrədirəm. Klublarımızın olmaması səbəbindən isə onlar üzə çıxa bilmirlər. Bilsəm ki, mən əsas komandadan getməklə nəsə olacaq, günü bu gün istefa ərizəmi yazıb gedərəm. Bu postu ömürlük də tutmamışam”.

Azərbaycan Həndbol Federasiyasında may ayında prezident seçkilərinin olacağı gözlənilsə də, hesabat-seçki konfransı baş tutmayıb. Abdullayevin fikrincə, bu ilin sonuna kimi seçki baş tutmalıdır: “Seçki mayda olmalı idi. Lakin qeyri-müəyyən səbəbdən bu keçirilmədi. Hələ namizədlər olmasa da, ilin sonuna kimi bu posta yeni nəfəsin gəlməsi gözlənilir”.

Qeyd edək ki, hazırda Azərbaycan Həndbol Federasiyasının prezidenti sabiq iqtisadi inkişaf naziri Heydər Babayevdir.
0