Pekin Olimpiadasının medalçısı Azərbaycanda!
19.07.2010 - 15:28
Pekin Olimpiadasının medalçısı Azərbaycanda!
Voleybol üzrə Azərbaycan çempionatının gümüş mükafatçısı “Lokomotiv” heyətinə daha bir legioner cəlb edib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu Pekin olimpiadasının gümüş mükafatçısı, ABŞ yığmasının üzvü Tayibu Xaneef-Parkla 1 illik müqavilə bağlayıb.

1979-cu il təvəllüdlü və 200 sm boya malik voleybolçunun Avropada ilk peşəkar komandası “Kerdisa Reggio” (İtaliya) olub. 2002/2003-cü illərdə Apennin yarımadasında çıxış edən Xaneef-Park növbəti mövsümdə Asiyaya üz tutub. 1 il orada “Takefuji Bamboo” klubunun şərəfini qoruyan amerikalı legioner yenidən “köhnə qitə”yə qayıdıb. 2006/2007-ci illərdə Rusiya “Kazanoçka”sında çıxış edib. Burada da 1 il oynadıqdan sonra Türkiyənin “Əczaçıbaşı” komandasına gedib. Maraqlıdır ki, o, qardaş ölkədə də cəmi 1 il qərar tutub və 2008-ci ildə yenidən Yaponiyaya qayıdıb.

Bu ölkədə son klubu “Pioneer Red Uings” olan Xaneef-Park 2001-ci ildən ABŞ yığmasının da şərəfini qoruyur. Milli komandada 201 oyun keçirən yeni “dəmiryolçu” Dünya çempionatının (2002), Dünya çempionları kubokunun (2005) və Pekin Olimpiya Oyunlarının (2008) gümüş mükafatçısıdır. Dünya Qran-Prisi (2003, 2004) və Dünya kuboklarında (2003, 2007) isə bürünc medala sahib olub.

Qeyd edək ki, “Lokomotiv” bu mövsüm ölkəmizi “Çelenc cup”da təmsil edəcək.
0