Azərbaycanın ən köklü klubu maliyyə problemi ilə üzləşib
23.07.2010 - 15:21
Azərbaycanın ən köklü klubu maliyyə problemi ilə üzləşib
“Komandada hazırda ciddi maliyyə problemi var. Sponsor olmasa, işimiz çətin olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında kişilərdən ibarət “Azərnetf” voleybol klubunun prezidenti Nazim Allahverdiyev deyib.

Azərbaycan çempionatının qalibi hazırda maliyyə probleminin həllini gözləyir. “Çelenc Cup”da ölkəmizi təmsil edəcək paytaxt komandası bu səbəbdən heyətini gücləndirməkdə də çətinlik çəkir: “Transfer pəncərəsi açıq olsa da, biz hələ də yeni voleybolçu ala bilmirik. Bundan əlavə, komandamız hazırlıq da keçmir. Təbii ki, Avrokuboklar öncəsi belə hal müsbət heç nə vəd etmir. Lazımi hazırlıq olmadan isə meydana çıxmaq çətindir”.

Allahverdiyev bildirib ki, problem tezliklə həllini tapacaq. Ölkəmizin ən titullu komandasının dağılacağına inanmayan Allahverdiyev tezliklə yeni sponsora qovuşacaqları qənaətindədirlər: “İnanmıram ki, klubun dağılmasına imkan versinlər. Çünki Azərbaycanın ən köklü komandalarından “Azərneft”ın tarixin yaddaşına köçməsi gözlənilməz olar. Artıq bu işlə federasiya rəsmiləri məşğul olur. Bu barədə Olimpiya Komitəsinə də məlumat verilib. Fikrimcə, yaxın günlərdə məsələ müsbət həll olunacaq”.

Qeyd edək ki, Azərbaycan kubokunun sahibi “Sərhədçi” də qeyri-müəyyən səbəbdən Avropada iştirakdan imtina edib.
0