Azərbaycan çempionu 4 legionerlə güclənir
06.08.2010 - 11:56
Azərbaycan çempionu 4 legionerlə güclənir
“Azərbaycanı “Çelenc Cup”da layiqincə təmsil etməyə çalışacağıq. Bunun üçün hələ sponsor məsələsi həll olunmasa da, məşqlərə start vermişik”. Bu sözləri apasport.az saytına açıqlamasında kişilərdən ibarət “Azərneft” voleybol klubunun prezidenti Nazim Allahverdiyev verib.

O bildirib ki, klubda maliyyə problemlərin həlli üçün zamana ehtiyacları var. Lakin bütün bunlara baxmayaraq, ölkəmizin ən titullu komandası məşqlərə başlamağa məcburdur. Avropada uğurlu çıxış üçün bütün güclərini səfərbər edəcəklərini deyən Allahverdiyev yeni transferlər də həyata keçirmək üçün danışıqlar getdiyini bildirib: “Yeni voleybolçularla danışıqlara başlamışıq. Komandaya Belarus, Bolqarıstan və Ukraynadan legionerlər cəlb etməyi planlaşdırırıq. Bu ölkələrdən 4 əcnəbi ilə müqavilə imzalayacağıq”.

“Azərneft”in düşərgəsinə gələcək legionerlər bəyənildikdən sonra klub tam heyətlə təlim-məşq toplanışı keçəcək. Hazırlıq çərçivəsində Sahib Əliyevin çalışdırdığı komanda Ukraynaya da səfər edəcək. Allahverdiyevin sözlərinə görə, səfər çərçivəsində voleybolçularımız beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar: “Sentyabrın 1-də Ukraynaya yollanacağıq. Burada təşkil ediləcək yarışda komandanın gücünə bələd olacağıq. Çünki turnirdə yerli klubla yanaşı, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Belarus təmsilçiləri mübarizə aparacaqlar. Yarışdan sonra isə “Çelenc Cup”a hazırlıq çərçivəsində orada daha 5-6 gün məşq edəcəyik”.

Qeyd edək ki, son Azərbaycan çempionu olan “Azərneft” “Çelenc Cup”da Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq. Komandalar arasında ilk oyunu oktyabrın 16-da və ya 17-də Bakıda, cavab görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.
0