“O, bir oyunçu kimi heç nə qazanmayıb”
10.08.2010 - 12:02
“O, bir oyunçu kimi heç nə qazanmayıb”
“Avropa çempionatının seçmə mərhələsi uzun marafondur. Bu səbəbdən də istəyirəm ki, komandamızın aparıcı üzvü Aleksandr Rındin Azərbaycanda qalsın”. Bu sözləri apasport.az saytına açıqlamasında kişilərdən ibarət Azərbaycan basketbol yığmasının baş məşqçisi Elxan Əliyev deyib.

Son mövsümü Polşa çempionatında keçirən Aleksandr Rındinin klubu ilə müqaviləsinin vaxtı bitib. Onun növbəti ildə hansı komandada forma geyinəcəyi məlum deyil. Uzun fasilədən sonra yığmaya qayıdan Rındinin Azərbaycan klublarına transfer olunmasını istəyən Əliyev bunun üçün federasiyaya da müraciət edib: “Bu basketbolçu perspektivli olsa da, son illər bəxti gətirmir. Fikrimcə, arxada qalan 3 ildə Rındin bir oyunçu kimi heç nə qazanmayıb. Onun ailəsi, uşağı var. Bunun üçün federasiya rəsmilərinə müraciət etmişəm və istəyirəm ki, o, Bakıda oynasın. Çünki həmin vaxt nəzarətimdə olacaq və mütəmadi milli komandada oynayacaq. Xaricdə oynayacağı halda isə, daimi təlim-məşq toplanışlarında və yoxlama görüşlərində iştirak edə bilməyəcək. İnanıram ki, Rındin də mənimlə razılaşacaq və burada qalacaq”.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin ilk turunda Albaniya ilə oyunda Rındin komandamıza 10 xal qazandırıb.
0