Azərbaycan yığması Rumıniyanı da məğlub etdi
18.08.2010 - 08:46
Azərbaycan yığması Rumıniyanı da məğlub etdi
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması tarix yazmaqda davam edir. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının B divizioununda mübarizə aparan komandamız keçirdikləri üçüncü görüşü də qələbə ilə başa vurublar.

Basketbolçularımız bu dəfə səfərdə Rumıniya milli komandasına öz güclərin göstəriblər. İlk dəqiqələrdən üstünlüyü ələ alan yığmamız sona kimi hesabda irəlidə olub və 101:86 (24:16, 23:29, 23:18, 31:23) hesabı ilə rəqibini məğlub edib.

Bu oyunda komandamızın ən məhsuldar basketbolçusu Rasim Başak olub. Türkiyə Super Liqasında çıxış edən həmyerlimiz rumınlarla görüşdə yığmazın aktivinə 28 xal yazıb. Ondan əlavə, Çarlz Devis 24, Fuad Niftəliyev 14, Aleksandr Rındin və Tahir Baxışəliyev 12, Zaur Paşayev isə 11 xal qazanıblar.

Qrupumuzda keçirilən digər qarşılaşmada İsveç Albaniyaya 111:64 hesabı ilə qalib gəlib.

III turdan sonra turnir cədvəlinə Azərbaycan yığması başçılıq edir. Komandamızın aktivində 6 xalı var. İsveç və Ruminiya basketbolçuları Elxan Əliyevin yetirmələrindən 1 xal az toplayıblar. Son pillələrdə isə 4 xalla Belarus və Albaniya yığmaları yer alıblar.

Qeyd edək ki, yığmamız növbəti görüşünü avqustun 21-də İsveçə qarşı keçirəcək.
0