“Mənimlə İtaliya və Azərbaycan klubları maraqlanırdı” - FOTO
20.08.2010 - 23:06
“Mənimlə İtaliya və Azərbaycan klubları maraqlanırdı” - FOTO
Adı Türkiyənin və İtaliyanın bir sıra titullu klublarına, eləcə də bizim "İqtisadçı" qadın voleybol klubuna keçməkdə halanan və uzun müddət seçim qarşısında qalan Türkiyə millisinin oyunçusu Duyğu Bal seçimini edib. Apasport.az saytının xəbərinə görə, İtaliyanın yüksək liqasında çıxış edən "Rebekihi Lupa Piançenza" və "Risio Skotti Pavia" klubundan da təklif alan Bal Türkiyə yığmasının sabiq baş məşqçisi və hazırda "İqtisadçı"nı çalışdıran Rəşad Yazıçıoğullarının da təklifini qəbul etməyərək Apennin yarımadasına üstünlük verib. Türkiyənin "Vakifbank", "Günəş Sığorta" və "Türk Telekom" klubunda forma geyinən, boyu 190 sm olan 23 yaşlı mərkəz oyunçusu gələn mövsüm İtaliyanın "Riso Skotti Pavia" klubunun şərəfini qoruyacaq.

Bu arada voleybolçu Türkiyə mətbuatına verdiyi müsahibəsində Türkiyə və Azərbaycanla müqayisədə nə üçün İtaliyaya üstünlük verdiyini açıqlayıb: "Bəli, mənimlə eyni vaxtda Türkiyə, Azərbaycan və İtaliya klubları maraqlanırdı. Təklif aldığım klublarla görüşüb danışıqlar da apardım. Düzdü, son qərarı verməkdə çətinlik çəkirdim. Çünki seçim edə bilmirdim. Sonda İtaliya klubunu seçdim. Bunun əsas səbəbi isə onların hələ 2 il öncədən mənimlə maraqlanmaları və italyanların mənə daha sərfəli təklif etmələri oldu".
Mənbə: Ekspressfutbol qəzeti
0