Zaur Paşayev: Bu heyətlə A divizionuna da çıxacağıq
21.08.2010 - 10:28
Zaur Paşayev: Bu heyətlə A divizionuna da çıxacağıq
“Rumıniya ilə oyunda zədələnsəm də, bu problem arxada qalıb. İsveçlə keçiriləcək qarşılaşmada meydana çıxacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının basketbolçusu Zaur Paşayev deyib.

Bu gün milli komandamız Avropa çempionatının B divizionunun IV turunda İsveçlə qarşılaşacaq. Yalnız rumınlara məğlub olan isveçlilər güclü heyətə malik olsalar da, Paşayev bildirib ki, rəqibdən çəkinmirlər və meydana qələbə üçün çıxacaqlar: “Rəqibimiz çox güclüdür. Onların heyətində NBA-da çıxış edən basketbolçu olsa da, bu bizi çəkindirmir. İlk 3 oyunda olduğu kimi, bu dəfə qələbə qazanmağı planlaşdırırıq. Güclü kollektivlə bundan başqa yolumuz yoxdur”.

İsveç üzərində qələbə Elxan Əliyevin yetirmələrinin ilk dövrənin qalibi edəcək. Basketbolçunun sözlərinə görə, onların əsas arzuları qrupda bütün rəqiblərinə gücünü göstərmək və A divizionuna yüksəlməkdir: “Biz bu gün qazanılacaq qələbə ilə rəqiblərimizdən güclü olduğumuzu sübut edəcəyik. İlk oyunlarda uğurlu çıxış bizi daha da ruhlandırıb. Bunun üçün fasiləyə qalib kimi yollanaraq, ikinci dövrədə işimizi asanlaşdırmaq istəyirik. Bu heyətlə A divizionuna da vəsiqə qazanacağıq”.

Qeyd edək ki, Azərbaycan və İsveç arasında oyun “Sərhədçi” Olimpiya İdman Mərkəzində saat 19:00-da start götürəcək.
0