Yığmamızın bazasına çevriləcək komanda bəlli oldu
02.09.2010 - 13:49
Yığmamızın bazasına çevriləcək komanda bəlli oldu
“Biz gənclərdən ibarət komanda qurmaq istəyirik. Klubumuzda yığmanın oyunçularına şans verərək, onların təcrübə toplaması üçün çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Nəqliyyatçı” voleybol klubunun yeni baş məşqçisi Adnan Kistak deyib.

Son mövsümdə “Azərreyl”i çalışdıran türkiyəli mütəxəssis yeni komandasında titul qazanmağa üstünlük verməyəcək. Onun sözlərinə görə, əsas məqsədləri yığmaya voleybolçu yetişdirmək olacaq: “Qarşıya gənc voleybolçuları yetişdirmək məqsədi qoymuşuq. Düzdür, çempionatda bütün rəqiblərimizlə başabaş oynamağa çalışacağıq. Amma bununla bərabər “Nəqliyyatçı”nı gənclər yığmasının bazasına çevirmək istəyirik. İlk növbədə “Azərreyl”də rəhbərliyim altında oynayan perspektivli və gənc voleybolçuları komandaya gətirəcəyik. Onların təcrübə qazanması və güclü rəqiblər qarşı oynaması milli komandada rəqabəti artıracaq. Bundan sonra isə təcrübəli və əcnəbilərlə danışıqlara başlayacağıq. Fikrimcə, bu sahədə klubumuz Azərbaycan voleyboluna öz töhfəsini verəcək”.

“Nəqliyyatçı” digər klublarımızdan fərqli, hazırlıqlarını Bakıda keçməyi planlaşdırır. Kistak bildirib ki, yaxın günlərdə heyət formalaşdıqdan sonra təlim-məşq toplanışına başlayacağıq: “Hazırlıq üçün ölkə xaricinə getməyəcəyik. Məşqlərimizi paytaxtımızda keçəcəyik. Ola bilsin burada komandanın gücünü yoxlamaq üçün bir neçə sınaq görüşü baş tutsun”.
0