Azərbaycan çempionu Ukraynada “gücünü” göstərdi
07.09.2010 - 13:41
Azərbaycan çempionu Ukraynada “gücünü” göstərdi
Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək kişilərdən ibarət “Azərneft” voleybol klubunun yoxlama görüşləri uğurlu alınmayıb. Apasport.az saytının məlumatına görə, Ukraynada beynəlxalq turnirdə qüvvəsini sınayan Sahib Əliyevin yetirmələri keçirdikləri bütün qarşılaşmalarda məğlub olaraq yarışı sonuncu pillədə başa vurublar. Belə ki, ilk görüşdə ev sahiblərinin “İmpeksaqro” komandasına 0:3 (13:25, 16:26, 13:25) hesabı ilə uduzan “Azərneft” ikinci oyun günündə də eyni aqibəti yaşayıb. Bu dəfə voleybolçularımıza Rusiyanın “Nova” klubu “quru hesabla” (3:0 (25:23; 25:19; 25:21)) qalib gəlib.

Azərbaycan Super Liqasının 6 qat çempionu növbəti görüşlərində də oyununda dönüş yarada bilməyib. Yığmamızın əsasını təşkil edən paytaxt klubu Belarusun “Metallurq”, Türkiyənin “MEF Spor” komandalarına müvafiq olaraq 0:3 və 1:3 hesabı ilə məğlub olublar.

Yarışın qalibi adını “İmpeksaqro” voleybolçuları qazanıblar. İkinci yeri “Metallurq”, üçüncü pilləni isə “Nova” komandaları tutublar.

Sahib Əliyevin yetirmələri turniri sonuncu - 5-ci pillədə başa vursalar da, “Azərneft”in üzvü Vladislav Titov turnirin ən yaxşıları arasında yer alıb. O, ən yaxşı topu oyuna daxil edən voleybolçu nominasiyasında birinci olub.

Qeyd edək ki, sentyabrın 10-a kimi Ukraynada təlim-məşq toplanışında olacaq “Azərneft” “Çelenc Cup”da Serbiyanın “Partizan” klubu ilə ilk oyununu oktyabrın 16-da Bakıda keçirəcək.
0