“Traktorsazi” milli komandamızın 5 oyunçusunu İrana çağırdı
09.09.2010 - 10:36
“Traktorsazi” milli komandamızın 5 oyunçusunu İrana çağırdı
Həndbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının 5 üzvü İrana yollanacaq. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Hikmət Abdullayev məlumat verib.

O bildirib ki, yığmanın üzvləri “Traktorsazi” klubu ilə müqavilə bağlamağa yaxındırlar. Lakin Təbriz komandasında maliyyə problemləri və ölkə çempionatının gec başlaması səfəri bir qədər yubadır: “Traktorsazi” rəhbərliyi həndbolçularımızla komandalarını gücləndirmək üçün müraciət edib. Biz də məsləhətləşdikdən sonra 5 oyunçunu – Sabir Nəzərəliyev, Üzeyir Səlimov, Nicat Rəhimov, Elnur Cahangirov və Hüseyn Qafarovu göndərəcəyimizi bildirmişik. Lakin İranda çempionat həmişə sentyabrda start götürsə də, bu dəfə başlanma vaxtına dəyişiklik edilib. Yeni təqvimə görə çempionat dekabrda başlayacaq. Bu səbəbdən yetirmələrim İrana bir müddət sonra yola düşəcəklər. Təbriz klubunda maliyyə problemi yoluna qoyularsa, onlarla birbaşa müqavilə bağlanacaq”.

Az öncə Eldar Fərəcov, Emin Aydəmirov, Kamran Alxazov və Sergey Georgevskinin “Trabzonspor”a transfer olunması, daha 5 həndbolçunun isə İrana klubuna transferi baş məşqçini sevindirir: “Bu oyunçuların xarici klublarında çıxış etməsi bizim xeyrimizədir. Çünki onların orada qazanacaqları təcrübə milli komandamızın güclənməsinə səbəb olacaq. Azərbaycanda isə çempionat çox zəifdir və həndbolçuların inkişafı üçün zəmin yaratmır”.

Qeyd edək ki, kişilərdən ibarət klub komandalarımız Avropa kuboklarından imtina ediblər. Yığmamız isə “Çelenc Cup”da qüvvəsini sınayacaq.
0