Marian Ştefen: “Rabitə” nəinki qrupun, Çempionlar Liqasının güclülərindən hesab olunur
14.09.2010 - 09:52
Marian Ştefen: “Rabitə” nəinki qrupun, Çempionlar Liqasının güclülərindən hesab olunur
“Biz son illər “Çelenc Cup”, CEV kuboku və Çempionlar Liqasında çıxış etmişik. Lakin bu dəfə istəyimiz daha böyükdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Dinamo Romprest” voleybol klubunun baş direktoru Marian Ştefen deyib.

Voleybol üzrə qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Rabitə”nin rəqibi olacaq rumınlar bu həftədən hazırlığa başlayacaqlar. Təlim-məşq toplanışını Türkiyədə keçəcək “Dinamo Romprest” burada “Əczaçıbaşı”, “Türk Telekom” və “Fənərbaxça” ilə oynamağı planlaşdırır.

Ştefen bildirib ki, Çempionlar Liqasında onları güclü rəqiblər gözlədiyindən məşqlər gərgin keçəcək. Növbəti mövsümlə bağlı iddialarını açıqlayan klub rəsmisi Avropa kubokundakı rəqiblərindən xüsusilə “Rabitə”ni güclü hesab edib və maliyyə durumunun yaxşı olduğunu vurğulayıb: “Biz realistik. Amma qrupumuzda güclü rəqiblərin olduğunu deməliyik. Azərbaycan çempionu “Rabitə” əla maliyyə durumuna malikdir və bunun nəticəsində super transferlər həyata keçirib. Onlar nəinki qrupun, Çempionlar Liqasının güclülərindən hesab olunur. Əla heyət qurublar. Digər rəqibimiz “Skavaloni” də təcrübəli voleybolçulardan təşkil olunub. A seriyasında mübarizə aparan komanda olduğunu da yaddan çıxarmamalıyıq. Polşa təmsilçisi “Aluprof”u da zəif hesab etmək olmaz. Onlar heyətlərini öz ölkələrinin tanınmış və ən yaxşı voleybolçularından qurulublar. Lakin bütün bunlara baxmayaraq biz də iddialıq. Voleybolçularımıza inanırıq. Bütün rəqiblərə qarşı oyuna qələbə üçün çıxacağıq. Güclü olan kollektiv isə növbəti mərhələyə çıxacaq”.

Qeyd edək ki, Azərbaycan çempionu “Rabitə” ilk görüşünü noyabrda “Dinamo Romprest”ə qarşı keçirəcək.
0