Mira Qoluboviç: Növbəti mərhələyə çıxmaq şansımız yüksəkdir
18.09.2010 - 11:04
Mira Qoluboviç: Növbəti mərhələyə çıxmaq şansımız yüksəkdir
“Komandamızın heyəti çox güclü voleybolçulardan təşkil edilib. Məqsədlərimiz böyükdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə Super Liqanın qalibi Mira Qoluboviç deyib.

34 yaşlı serbiyalı voleybolçu komandasının növbəti mərhələyə çıxacağına inanır. Onun sözlərinə görə, E qrupunda yer alan paytaxt klubu növbəti mərhələyə yüksəlmək üçün İtaliyanın “Skavolini”, Polşanın “Aluprof” və Rumıniyanın “Dinamo Romprest” komandaları ilə mübarizədən üzüağ çıxacaq: “Yer aldığımız qrupda növbəti mərhələyə çıxmaq şansımız yüksəkdir. Məncə, qələbələri sıralamağımızda ciddi problemlər olmayacaq. Qrup mərhələsində baxımlı və güclü oyun nümayiş etdirərək növbəti mərhələyə vəsiqə qazanmaq gücündəyik”.

Bir vaxtlar Rumıniyanın “Buxarest” klubunun şərəfini qoruyan Azərbaycan çempionu bildirib ki, yenidən “Dinamo Romprest”ə qarşı oyun onu keçmiş günlərinə qaytaracaq: “Mən şadam ki, yenidən Rumıniyada meydana çıxacağam. Bir daha “Dinamo Romprest”ə qarşı oynamaq isə məni xatirələrlə dolu keçmişimə qaytaracaq. Amma bunun oyunun nəticəsinə heç bir dəxili olmayacaq”.

Qeyd edək ki, 188 sm boya malik Qoluboviç Azərbaycan çempionundan öncə “Radniçki”, “Yedinstvo”, “Rapid”, “Foppapedretti”, “Despar Peruca”, “Toray”, “Hotel Kantur”, “Tenerife”, “Volero”, “Spartak-Omsk” və “Metal Qalati” klublarında forma geyinib.
0